Nizami Paşayev: Məqsədimiz Olimpiadadan vətənə medalla qayıtmaqdır
21.07.2010 - 12:30
Nizami Paşayev: Məqsədimiz Olimpiadadan vətənə medalla qayıtmaqdır
“Avqustun 14-də Sinqapurda start götürəcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Artıq hazırlıqları sürətləndirmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında ağır atletika üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Nizami Paşayev deyib.

Sinqapur-2010-da ölkəmizi 1 atlet təmsil etməli olsa da, dünya çempionu Qaxda keçirilən təlim-məşq toplanışına 2 idmançı cəlb edib. İşini ehtiyatlı tutan Paşayev bildirib ki, məşq zamanı yetirməsi zədə problemi ilə üzləşərsə sabah Asiyaya hazırlıqsız idmançı aparmaq niyyətində deyil: “Biz Sinqapura 1 ağırlıqqaldıranla yollanacağıq. Bu 69 kq çəki dərəcəsində çıxış edən Nicat Rəhimovdur. Amma onunla fərdi məşğul olmaq düzgün deyil. Çünki, Allah eləməsin, məşqlərdə hər an zədə problemi ola bilər. Bunun üçün hazırlıqları 2 idmançı ilə keçirəm. Əgər belə halla qarşılaşarıqsa, digər yetirməm hazırlıqsız olmasın”.

Yeniyetmələrin ilk Olimpiadasına az bir müddət qaldığını deyən Paşayev avqustun 14-ə kimi ağırlıqqaldıranımızın tam hazır olacağını bildirib: “Məşqlərimizi son günə kimi davam etdirəcəyik. Məqsədimiz dünya çempionatında olduğu kimi Olimpiadadan da vətənə medalla qayıtmaqdır. Ümid edirəm ki, Sinqapura yollanacaq ağırlıqqaldıranımız ilk üçlükdə yer alacaq”.

Qeyd edək ki, avqustun 14-dən 26-dək davam edəcək olimpiadada sərbəst, yunan-Roma və qadın güləşində 5, boksda 3, cüdo, taekvondo, ağırlıqqaldırma və kanoe növlərində isə 1 idmançımız mübarizə aparacaq.
0