Dördüncü cəhdə lider kimi
22.10.2010 - 23:02
Dördüncü cəhdə lider kimi
Sabah voleybol üzrə Avropa çempionatının final mərhələsinə yüksələn Azərbaycan yığmasının rəqibləri müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, ardıcıl 4-cü dəfə analoji yarışın həlledici mərhələsində mübarizə aparacaq Faiq Qarayevin yetirmələri bununla da yeni rekord müəyyənləşdiriblər. Müstəqil ölkə kimi çempionatda Avro-2003-dən qatılan millimiz mötəbər turnirin final mərhələsinə bu dəfə daha iddialı yollanacaq.

B divizionundan başlayan yol...
Voleybolçularımız milli komanda kimi Azərbaycan adı altında beynəlxalq yarışlara DÇ-1994-dən başlasa da, Avropa çempionatında debütü Avro-2003-ə təsadüf edib. Həmin mövsüm qitə voleybol ailəsinə yeni qoşulan və voleybolçularımız siftəni B divizionunda ediblər. Finlandiya, Portuqaliya və Latviya yığmaları ilə eyni qrupda yer alan Faiq Qarayevin yetirmələri keçirdikləri 6 görüşün hamısında qələbə qazanaraq, A divizionuna yüksəliblər.

... A divizonunda davam etdirilir
Avropa çempionatının yüksək dəstəsində mübarizəyə başladığımız Avro-2005 isə az qala ölkənin idman tarixinə qızıl hərflərlə yazılacaqdı. Lakin seçmə mərhələdə uğurlu çıxış sonluqla bitməyib. Qrup oyunlarında debütdə 6 oyundan 4-də qələbə qazanan yığmamız yalnız İtaliyanı özündən qabağa buraxaraq, birbaşa final mərhələsinə yüksəlib. Xorvatiyada keçirilən həlledici mərhələdə də komandamız yaxşı təsir bağışlayıb. Burada da Polşadan geri qalan Azərbaycan milli komandası qrup ikincisi kimi yarımfinala yüksəlib. Lakin ilk mərhələdən qənimimizə çevrilən İtaliya bu dəfə də yığmamızın sensasiya etməsinə imkan vermir.

Seçmə mərhələdə təmsilçilərimizə 1 dəfə qalib gələn və 1 dəfə uduzan Apennin təmsilçiləri finala gedən yolumuzu bağlayıblar. Bürünc medal uğrunda görüşdə isə Nikolay Karpolun çalışdırdığı milli komanda bürünc medal qazanmağımıza imkan verməyib. Nəticədə ilk ildə dördüncü olan Faiq Qarayevin yetirmələri Avro-2007-nin final mərhələsində birbaşa oynamaq hüququ qazanıblar. Təəssüf ki, bu dəfə 2 il öncəki uğuru təkrarlamaq mümkün olmayıb. Həlledici mərhələdə 6 dəfə matça çıxan voleybolçularımız bunların yalnız 1-də meydanı qələbə ilə tərk ediblər.

Avro-2009-də yenidən seçmə mərhələdən mübarizəyə başlayan yığmamız bu dəfə də finala vəsiqə qazanmaq tapşırığının öhdəsindən gəlib. Qrupda ikinci olaraq, pley-off mərhələsinə vəsiqə qazanan voleybolçularımız burada hər 2 görüşdə yunanlara gücünü göstərir. Final mərhələsində isə yenidən çətinliklə üzləşən komandamız yalnız 2 il öncəki yerini – 12-ci pilləni qoruya bilir.

Ardıcıl 4-cü final və ilk dəfə qrup qalibi kimi
Avro-2011-i isə Azərbaycan yığması üçün əlamətdar hesab etmək olar. Belə ki, öncəki illərlə müqayisədə Faiq Qarayevin yetirmələri həlledici mərhələyə bu dəfə qrup birincisi kimi yüksəliblər. Bu azmış kimi, voleybolçularımız təsnifat oyunlarında 1 dəfə də olsun belə məğlubiyyət acısı dadmayıblar. Statistikaya nəzər salsaq, yığmamızın bu mövsüm “Dördlər finalı”na yüksələcəyini də proqnozlaşdırmaq olar. Çünki, 2003-cü ildə B divizionunda 6 görüş keçirərək hamısında qalib gələn Faiq Qarayevin yetirmələri A divizionuna qrup birincisi kimi vəsiqə qazandı və debütdəcə yarımfinala kimi irəliləməyi bacardı. Bunun üçün isə 2 gün sonra baş tutacaq püşkatmanın nəticələrini gözləməyə dəyər.

Qeyd edək ki, 2011-ci ildə Serbiya və İtaliyada 16 ölkənin komandası qüvvəsini sınayacaq. Çempion adı uğrunda 2 ev sahibi ilə yanaşı, son analoji yarışı ilk “5-lik”də başa vuran Hollandiya, Polşa, Almaniya, Türkiyə, Rusiya, seçmə mərhələdə qrup qalibi olan Azərbaycan, Çexiya, Ukrayna, İspaniya, Rumıniya, Bolqarıstan və pley-offda qələbə qazanan İsrail, Xorvatiya və Fransa mübarizə aparacaqlar.

Avropa çempionatında Azərbaycan yığmasının oyunları

 

O

Q

M

S

X

Tutduğu yer

Avro-2003 B divizionu

Qrup mərhələsi

6

6

0

18-3

12

I

Avro-2005 A divizionu

Qrup mərhələsi
Final mərhələsi

6
7

4
4

2
3

10-4
12-11

10
11

II
IV

Avro-2007

Final mərhələsi

6

1

5

4-15

7

XII

Avro-2009

Qrup mərhələsi
Pley-off
Final mərhələsi

6
2
6

4
2
1

2
0
5

15-10
6-1
6-15

10

7

II

XII

Avro-2011

Qrup mərhələsi

6

6

0

18-0

12

I

Yekun

45

28

17

89-59

67

 

0