“Bakı” bu mövsüm çox pul xərcləsə də, gözlənilən nəticəni vermədi”
18.02.2011 - 13:43
“Bakı” bu mövsüm çox pul xərcləsə də, gözlənilən nəticəni vermədi”
“Azərbaycan Super Liqası çox güclənib. Avropanın ən güclü çempionatlarından birinə çevrilib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şirvan” klubunun baş məşqçisi Adnan Kistak deyib.

2 ildir Azərbaycanda çalışan “Fənərbaxça”nın sabiq məşqçisi Super Liqanı qazanacaq komandanın adını çəkməkdə çətinlik çəkib. “Şirvan”ın çempionatda heç bir iddiasının qalmadığını bildirən mütəxəssis pley-off mərhələsinin gərgin keçəcəyi qənaətindədir: “Fikrimcə, həlledici mərhələyə “Rabitə”, “Azərreyl” və “İqtisadçı”nın yüksələcəyi sözsüzdür. Lakin 4-cü komandanın adını demək çətindir. Bu, “Lokomotiv” və ya “Bakı” ola bilər. Mən onların pley-off şanslarının 50-nin 50-yə dəyərləndirirəm. Düzdür, “Bakı” bu mövsüm çox pul xərcləsə də, gözlənilən nəticəni vermədi. Amma marafon uzundur, hələ irəlidə çox oyunlar var. Onlar iddialıdırlar. Ola bilər ki, mərhələ adlasınlar. Ancaq çempionluğun hansı komandaya qismət olacağını indidən demək tezdir. Bu, çətin məsələdir. Lider komandaların başları hazırda Avrokuboklara qarışıb. Onlar Super Liqaya elə də böyük əhəmiyyət vermirlər. Amma bu yarışlar bitdikdən sonra hər biri maksimum gücündən istifadə edəcək”.

Qeyd edək ki, Adnan Kistak ötən mövsüm “Azərreyl”i çalışdırıb və onun komandası bürün medallar uğrunda görüşdə “İqtisadçı”ya uduzub.
0