“Rəhimovun Olimpiadaya hansı atla yollanacağına hələ aydınlıq gəlməyib”
06.03.2012 - 16:13
“Rəhimovun Olimpiadaya hansı atla yollanacağına hələ aydınlıq gəlməyib”
Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2011-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə çıxış edən ARAF-ın baş katibi Bəhruz Nəbiyev öncə bu toplantının ötən ilin sonunda baş tutmamasına aydınlıq gətirib.

O, bunu 2012-ci il London Yay Olimpiya Oyunlarına atçılığın konkur növü üzrə lisenziya qazanmaq üçün müəyyənləşdirilən 14 aylıq dövrün başa çatmasını gözlədikləri ilə əlaqələndirib. Nəbiyevin sözlərinə görə, bu müddətdə idmançılar müxtəlif beynəlxalq yarışlarda xallar toplayırlar. Ən yüksək xal toplayanlar olimpiadaya isə Olimpiadada iştirak hüququ qazanırlar.

Lisenziya yarışlarından bəziləri ölkəmizdə təşkil olunub. ARAF ötən illə müqayisədə Azərbaycandakı beynəlxalq turnirlərin sayını 4 dəfə artıraraq 8-ə çatdırıb. Onların arasında ən az lisenziya xalı verən 50 xallıq yarış olub. Ölkəmiz Şərqi Avropa və Asiyadan 29 ölkənin yer aldığı C qrupunda mübarizə aparıb. 3000-dək atçının çıxış etdiyi mübarizənin yekununda çaparımız Camal Rəhimov 1525 xalla 1-ci yeri tutaraq, London olimpiadasına lisenziya qazanıb. O, ikinci yeri tutan rusiyalını 200 xal qabaqlayıb.

Nəbiyev bildirib ki, artıq Beynəlxalq Atçılıq Federasiyasından Rəhimovun London Olimpiadasına lisenziya qazanmasına dair rəsmi sənədi alıblar: “Rəhimov birinci yeri tutsa da, olimpiadaya lisenziya qazanan bütün atçılar bizim rəqibimlərizdir. Hazırda Rəhimovun özü İspaniyada beynəlxalq turnirdədir. Onun olimpiadaya hansı atla yollanacağına hələ aydınlıq gəlməyib. Konkur ustamız “Platin E”, “Woody Topic”, “Aramis”, “Warrior” və “Excenel” ləqəbli atlar arasından seçim edəcək”.

Lakin Nəbiyev atların qiymətini açıqlamayıb. Federasiya rəsmisi bunu atların qiymətlərindən xəbərsiz olması ilə əlaqələndirib.

2008-ci il Pekin Yay Olimpiadasında da ölkəmizi atçılığın konkur növündə yalnız Camal Rəhimov təmsil etmişdi. Amma ARAF London olimpiadasında komanda konkur növündı də lisenziya qazanmaq niyyətində idi. Bu məqsədlə iki legioner – Patrik MakEnti və Françesko Franko da yığmamıza cəlb edilmişdi. Lakin onlar lisenziya yarışlarında uğursuz çıxış etdiklərindən, komanda konkur növündə təmsilçilik mümkün olmayıb. Nəbiyevin sözlərinə görə, belçikalı və italiyalı legionerlərimiz reytinq sıralamasında Camal Rəhimovdan çox da geri qalmırdılar: “Amma konkur növü digərlərindən fərqlənir. Bu, 2 canlının bir-biri ilə vəhdəti olan yeganə idman növüdür. Həm MakEnti, həm də Frankonun çox yaxşı nəticə göstərən atları var. Sadəcə, idmançılar uğursuz çıxış etdilər. Hətta atlardan birinin ayağında problem oldu. Amma idmançıların hər ikisindən razıyıq. Patrik Mak Enti “Global Champion Tour”u 8-ci yerdə bitirib. Bu da çox yaxşı nəticədir”.

Buna baxmayaraq, ARAF 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında komanda konkur növündə təmsil olunmaq niyyətində israrlıdır. Bu məqsədlə heyətə yeni idmançılar cəlb olunub. Bunlar komandamızın kapitanı Camal Rəhimov, Seyid Musayev, Hikmət Musayev, Kənan Novruzov və Patrik MakEntidir. Françesko Franko isə ehtiyat idmançı qismində sifariş olunub.

Nəbiyev 2016-cı il olimpiadasına hazırlıq zamanı yerli cinsli atlardan da yararlanmağı düşündüklərini deyib. 2009-cu ilin yanvarından “Qarabağ” və “Dilboz” cinsindən atların DNK analizlərini yoxlamağa başladıqlarını deyən federasiya rəsmisi onların idman yarışlarına hazırlığına diqqət yetirdiklərini əlavə edib.

ARAF-ın baş katibi 2011-ci ildə bir çox ilklərə imza atdıqlarını da KİV nümayəndələrinin diqqətinə çatdırıb: “Qəbələdə yeni atçılıq mərkəzinin istifadəyə verilib. Həmin mərkəzdə gələcəkdə cıdır yarışları da təşkil olunacaq. İyulda isə Qəbələdə ilk dəfə konkur növü üzrə 1 ulduzlu beynəlxalq turnir keçiriləcək”.

Ötən il ölkəmizdə ilk dəfə 4 ulduzlu yüksək səviyyəli və 280 reytinq xalı verən beynəlxalq turnir də təşkil olunub. Bu yarışın fəxri qonaqları arasında Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, İordaniya şahzadəsi, xanım Haya Bint Əl-Hüseyn də olub.

Bundan əlavə, digər atçılarımız əvvəllər beynəlxalq yarışlarda iştirak üçün yalnız Gürcüstana gedirdilərsə, ötən il Ukraynaya da yollanıblar. Onların arasında ən yüksək mükafat fonduna malik turnirdə idmançımız Seyid Musayev medal qazanıb.

Nəbiyev eyni tempi 2012-ci ildə də davam etdirəklərini söyləyib. Onun sözlərinə görə, bu il 9 beynəlxalq yarış keçiriləcək. Bütün yarışlara dünyanın hər yerindən atçılar qatıla biləcəklər. Hər hətfəsonu – bazar günü isə cıdır yarışları təşkil olunacaq. Hər bir cıdır yarışında totalizatorlar keçiriləcək. Totalizatorda ötən ilə nəzərən mükafat fondu 2 dəfə artıq olacaq. Mərc oyunu təkcə cıdır yarışlarına deyil, konkura da şamil olunacaq.

Federasiya rəsmisi bildirib ki, bu il həm də Jokey Mərkəzi də fəaliyyətə başlayacaq. Bu məktəb Gənclər və İdman Nazirliyinin nəzdindəki atçılıq məktəbində fəaliyyət göstərəcək.
0