Bakıda UNESCO-nun idman tədbiri davam edir - VİDEO
14.03.2013 - 22:25
Bakıda UNESCO-nun idman tədbiri davam edir - VİDEO

Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə hökumətlərarası Komitəsinin Fövqaladə və Daimi məşvərətçi Şurasının iclası keçirilir. Apasport.az saytının məlumatına görə, yığıncaqda 47 ölkənin 60-dək nümayəndəsi iştirak edir.

İclasda oyunların nəticələrinə müdaxiləyə qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzularında müzakirələr aparılır.

UNESCO ilə 6 hökumətlərarası komissiyanın üzvü olan Azərbaycan, eləcə də bir neçə konvensiyaya qoşulub. Bu nüfuzlu beynəlxalq təşkilatla ölkəmizin əməkdaşlığı daima inkişafdadır. Bir sıra sahələrlə yanaşı artıq idman da bu əməkdaşlığın bir hissəsinə çevrilib.

Bu mötəbər iclasın paytaxtımızda keçirilməsi təsadüfi deyil. Ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi, Azərbaycanda Bədən Tərbiyəsi və İdmana yüksək səviyyədə dövlət qayğısının göstərilməsi və əldə edilən böyük nəaliyyətlər bu qərarın qəbul edilməsinə zəmin verib. O cümlədən rəsmi qonaqlar da Azərbaycanda dinamik inkişafdan, xalqımızın qonaqpərvərliyindən məmnunluqlarını ifadə edirlər.

Mövzularla bağlı müzakirələr aparan tədbir iştirakçıları bir sıra tövsiyə və təkliflərlə çıxış ediblər. Onlara gələcək layihələrlə bağlı məlumatlar verilib. Bildirilib ki, qəbul edilən qərarlar hesabat şəklində MİNEPS-ə üzv olan ölkələrin müvafiq təşkilatlarına göndəriləcək. Bundan başqa nümayəndələr təmsil etdikləri qurumlarla bağlı video təqdimatlar keçiriblər. Nəzərdə tutulan işlərlə bağlı yekun qərarlar tədbirin sonunda bəyannamədə əks etdiriləcək.

Qeyd edək ki, Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə hökumətlərarası Komitəsinin Fövqaladə və Daimi məşvərətçi Şurasının iclası, öz işini martın 15-də yekunlaşdıracaq.

0