Rauf Əliyev: Rəqibin künc zərbələri təhlükəli olur - MÜSAHİBƏ
08.10.2013 - 11:01
Rauf Əliyev: Rəqibin künc zərbələri təhlükəli olur - MÜSAHİBƏ
Milli komandamızın hücumçusu Rauf Əliyev Şimali İrlandiya və Rusiya ilə oyunlar öncəsi jurnalistlər önünə çıxıb. O, apasport.az saytının əməkdaşının suallarını da cavablandırıb.

- Qarşıdakı oyunlarla bağlı fikirlərinizi bilmək istərdik.
- İrəlidə 2 vacib oyunumuz var. Birinci Şimali İrlandiya ilə qarşılaşacağıq. Bizim üçün əsas bu görüşdür. Çünki hazırda qrup sonuncusuyuq. Şimali İrlandiya ilə oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Bizim üçün çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna başqa motivasiya ilə çıxacaq. 3 gündür ki, yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı görüşlərə yaxşı istək və var güc ilə hazırlaşır.

- Şimali İrlandiyaya səfərdə qol vurmusunuz. Ona görə də məsuliyyətin həcmi digər futbolçulardan fərqli, sizin üçün ikiqat artıb. Hamı sizdən qol gözləyir...
- İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, komanda şəklində qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım.

- Rəqib “ikinci mərtəbə”də yaxşı çıxış edir. Sizin də başla yaxşı oynadığınızı nəzərə alsaq, standard vəziyyətlər zamanı müdafiəyə qayıdıb komandaya kömək edəcəksiniz?
- Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdü, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standard zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq.

- Elvin Məmmədov son vaxtlar “Bakı”nın da heyətinə düşmür. Onda problem nədir?
- Bu suala cavab verməsəm, daha yaxşı olar. Bunu Elvinin özünün cavablandırması məsləhətlidir.

Səbuhi TOFİQOĞLU
0