Yığmamızdan imtina etdi, Bolqarıstanda çempion oldu
05.11.2013 - 16:14
Yığmamızdan imtina etdi, Bolqarıstanda çempion oldu
Azərbaycan millisindən imtina edən ağırlıqqaldıranlar - İvan Stoitsovla Boyanka Kostova pul qazanmaq üçün yollandıqları Çexiyadan Bolqarıstana qayıdıblar. Apasport.az saytının məlumatına görə, vətəninə döndükdən sonra ilk yarışa qatılan xanım idmançı yenidən podiuma çıxıb.

20 yaşlı atlet klublararası Bolqarıstan çempionatında iştirak edib. 40 klubdan 300 idmançının çıxış etdiyi yarışda “Asenovqrad”ın şərəfini qoruyan Boyanka 53 çəki dərəcəsində hamını qabaqlayıb.

London-2012-də Azərbaycanın şərəfini qoruyan idmançı bu dəfə ölkəsinin ən yaxşı olmasını rəqabətin yoxluğu ilə izah edib: “Bolqarıstanda mənə rəqib yoxdur. Bu üzdən də çempion olmaq üçün heç bir çətinlik yaşamadım”.

Nişanlı cütlüklə birgə Azərbaycandan ayrılan məşqçi Laçezar Kişkilov isə idmançıların Bolqarıstan bayrağı altında çıxış edəcəyinə hələ də ümid etdiyini bildirib: “Biz onların Bolqarıstan yığmasının şərəfini qoruması üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, Stoitsovla Kostova ölkəmizin adından çıxış etməyə layiqdirlər. Bizim federasiya bu istəkdən əl çəkməyəcək. Elə atletlər də Bolqarıstana medal qazandırmaq fikrindədirlər”.

Qeyd edək ki, London Olimpiadasından sonra Azərbaycan millisindən üz döndərən hər 2 idmançının yığmamızla müqaviləsi olduğundan hələ başqa komandanın şərəfini qoruya bilməzlər.
0