Çin yığması Bakıya gələcəyini təsdiqlədi
12.11.2013 - 14:13
Çin yığması Bakıya gələcəyini təsdiqlədi
Ağır atletika üzrə Azərbaycanda keçiriləcək IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunda iştirakçıların sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, paytaxtımıza gələcək yığmaların siyahısına daha 8 ölkə əlavə olunub.

Belə ki, Çin, ABŞ, Albaniya, İsrail, Almaniya, Avstriya, Moldova və Özbəkistan da yarışda iştirakını təsdiqləyib. Bununla da turnirdə mübarizə aparacaq ölkələrin sayı 23 olub.

Qeyd edək ki, onlardan öncə Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlərin iştirakları məlum idi.

Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək Beynəlxalq Bakı Kubokunda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaq. İştirakçı ölkələr hər çəki dərəcəsində bir atletlə, Azərbaycan isə ev sahibi olduğu üçün hər çəki dərəcəsində 2 atletlə çıxış edəcək.
0