Şəhriyar Məmmədyarov: Vüqarın dəyərini bütün dünyada yaxşı bilirdilər
14.01.2014 - 14:21
Şəhriyar Məmmədyarov: Vüqarın dəyərini bütün dünyada yaxşı bilirdilər
“Bu gün Vüqarı bütün dünya şahmatı itirdi”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında tanınmış şahmatçı Şəhriyar Məmmədyarov deyib.

O bildirib ki, Vüqar dünyanın seçilmiş 10 ən yaxşı şahmatçısından biri idi: "Dünyada keçirilən bütün şahmat yarışları Vüqarı itirdikdən sonra bir dəqiqəlik sükutla başladı. Yəni Vüqarın dəyərini tək Azərbaycanda deyil, bütün dünyada yaxşı bilirdilər. Çox heyflər olsun ki, bizim Vüqarla birlikdə komanda şəklində iştirak etmək istədiyimiz bir çox yarışlar yarımçıq qaldı. İstəyirdik ki, dünyada keçirilən bütün yarışlarda Azərbaycanı birinci edək".

Məmmədyarovun sözlərinə görə, Azərbaycanın ən böyük nəticəsi komanda şəklində olan Avropa Çempionatında Həşimovun son oyunu olub: "Məhz onun qələbəsi ilə biz Avropa çempionu olduq. Bununla da komanda şəklində ilk birinciliyimizin tarixini Vüqar yazdı. Çünki bu qalibiyyətlərdə təməli qoyan insan məhz o idi".

Şahmatçı vurğulayıb ki, ondan hər zaman Vüqarın yarışlara qatılmamağının səbəblərini soruşublar: "Yarışlara gedəndə məndən hər zaman Vüqarı soruşurdular ki, necədir, niyə yarışlara qatılmır? Hər dəfə səhhətində problem olduğunu demək çox çətin idi və biz yaxşı olduğunu, yarışlara qatılacağını deyirdik. O insanlar həqiqətən də inanırdılar ki, Vüqar yaxşılaşacaq. Ancaq çox əfsuslar olsun ki, artıq reallıqla barışmaq lazım olacaq. Qorxuram ki, qarşıdakı 100 ildə Azərbaycan şahmatında Vüqarın əvəzi olmasın".
0