Olimpiya çempionumuzun atası: Yığmada pozğunçuluq baş alıb gedir
20.02.2014 - 17:09
Olimpiya çempionumuzun atası: Yığmada pozğunçuluq baş alıb gedir

“Oğlumun milli komandadan imtinasına əsas səbəb baş məşqçi Zlatan Vanevdir. Bolqarıstanlı çalışdırıcı yığmada istədiyini edir. Yəni, komandada pozğunçuluq baş alıb gedir”. Bunu apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisindən imtina edən Nicat Rəhimovun atası Əli Rəhimov deyib.

 

Oğlunun şəxsi məşqçisi olan mütəxəssis bu addımı atmalarının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Nicatın yığmamızı Qazaxıstan millisinə dəyişməsi komandada idmançılara məşqdən çox başqa şeylər öyrədilməsidir: “Yığmada siqaret çəkmək, içki içmək, boş-boş gəzmək... kim nə istəyirsə, onu da edir. Baş məşqçidən də bunun səbəbini soruşduqda “mən o işlərə baxmıram, kim necə istəyir, etsin və məşqdə vaxtında olsunlar” deyir. Bolqarıstanlılar komandaya gəldikdən sonra oğlumun nəticəsi də zəiflədi, günü-gündən tərbiyəsi pozuldu”.

 

Əsas komandada nizam-intizamdan şikayətçi olan Rəhimov tək oğlunun deyil, yeniyetmələrdən ibarət komandaya gələnlərinin hamısının eyni aqibəti yaşadığını deyib. Onun sözlərinə görə, Olimpiya çempionumuzun komandanı tərk etməsində Vanevlə mübahisənin də rolu olub: “Yığmada siqaret çəkməklə, qumar oynamaqla, içki içməklə məşğul idilər. Buna görə Vanevlə mübahisəm oldu. Bildirdi ki, millidə çalışdığı vaxtda Nicatı heç bir təlim-məşq toplanışına, yarışa aparmayacaq”.

 

Rəhimov bildirib ki, Nicat Vanevin rəhbərliyi altında məşqlərə başlayandan tərbiyəsi pozulmaqla yanaşı, nəticəsi də artmayıb: “Oğlum Nizami Paşayevin rəhbərliyi altında çıxış edəndə namaz qılır, vaxtı olduqda hər cümə məscidə gedirdi. Özü də tək Nicat deyil, o biri uşaqlar da. Amma bu bolqarlar milliyə gəldikdən sonra oğlum da daxil olmaqla, yeniyetmələr heç biri namaz qılmadılar. İndi isə hamısı içki içirlər. Bircə misal göstərsinlər ki, millidə filankəs araq içmir, siqaret çəkmir və ya qızlarla gəzmir. İslam Həmrəyliyi Oyunları oldu, “aparmırıq, bizə Nicatın qızıl medalı lazım deyil” dedilər. Mən yenə söylədim ki, “İslamiadaya və ya Avropa çempionatında heyətə daxil etməsəniz, oğlumu başqa ölkəyə göndərəcəm”.

 

Rəhimov millidən imtinada hansısa maddi problemin rol oynamadığını qeyd edib. Onun sözlərinə görə, əsas Nicatın karyerasıdır: “Burada heç bir maddi məsələ rol oynamayıb. Bir oğlum var, əsas onun tərbiyəsi, indiyədək çəkdiyi əziyyətdir. Belə də federasiyadan 500 manat pul verirdilər və hər gün də mənə zəng vurub “maaşını kəsəcəyik” deyirdilər. Mən də ötən ilin avqustunda aparıb maaş kartını atdım üstlərinə”.

 

Rəhimov bütün bunlardan bezdikdən sonra oğlu üçün yeni komanda axtarışına başlayıb: “Mən yığmada xeyri olmadığını görüb, bir neçə dövlətə müraciət etdim. Hamısı da dəvəti qəbul etdi. Seçimim isə Qazaxıstanın xeyrinə oldu. Nicat artıq Qazaxıstanın vətəndaşlığını qəbul etmək üzrədir və 1 il yarışlarda kənar qaldıqdan sonra bu ölkənin şərəfini qoruyacaq”. 

0