Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan qarşılaşmalarda “Azərreyl” və “Azəryol” növbəti dəfə uduzaraq, işlərini daha çətinə salıblar.
Günün ilk görüşündə “Azərreyl” “İqtisadçı”nı sınağa çəkib. “Dəmiryolçular” 3-cü yer uğrunda birinci matçda məğlub olduqlarından, meydana revanş arzusu ilə çıxmışdılar. Lakin onlar birinci və üçüncü setlərdə “tələbələr”ə ciddi müqavimət göstərsələr də, sonda yol verdikləri kobud səhvlər səbəbindən məğlubiyyətlə barışıblar. Ötən ilki gümüş medalçı isə bu dəfə rəqibinə bir set belə güzəştə getməyib – 3:0.
Ardınca meydana əzəli rəqibləri – “Rabitə” və “Azəryol” çıxıblar. Avrokubokdakı uğursuzluğu Super Liqada sığortalamağa çalışan Ancelo Vercesinin yetirmələri ikinci qarşılaşmada da heç nə ilə yadda qalmayıblar. Düzdür, onlar ilk setdə məğlub olduqdan sonra hesabda tarazlıq yaradıblar. Lakin bundan artığına gücləri çatmadığından “Rabitə” yenə 3:1 hesabı ilə qalib gəlib.
Komandalar arasında üçüncü oyun aprelin 18-də olacaq. Əgər həmin gün də “Rabitə” və “İqtisadçı” qələbə qazanarsa, müvafiq olaraq, çempion və 3-cü yerin sahibi bilinəcək. Əks halda isə əlavə matçlar baş tutacaq.
Final mərhələsi, 15 aprel
İkinci oyun
III yer uğrunda
“Azərreyl” - “İqtisadçı” - 0:3 (25:27; 20:25; 24:26)
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (20:25; 25:15; 26:24; 25:23)
Final
“Rabitə” - “Azəryol” - 3:1 (25:16; 20:25, 25:16, 25:19)
İlk oyun: “Azəryol” – “Rabitə” - 1:3 (28:26; 20:25; 21:25; 19:25)