Syomin Lənkərana buraxılmayacaq
16.04.2014 - 16:37
Syomin Lənkərana buraxılmayacaq

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” və “Xəzər Lənkəran” arasında bu gün keçirilən ilk oyunu zamanı xoşagəlməz hal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, buna meydan sahiblərinin məşqçisi Andrey Syomin səbəb olub.

 

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin oğlu matçın ikinci hissəsində diqqət mərkəzinə düşüb. Rusiyalı çalışdırıcı komandasının ikinci qolundan sonra texniki zona qaydalarını pozub. Matçın hakimi Rəhim Həsənov məşqçini qovmağı lazım bilib.

 

Bundan əvvəl Topaz Premyer Liqasının XXVIII turunun “Qarabağ”la səfər oyununda da eyni aqibəti yaşayan Syomin 5 çempionat oyunu kənarlaşdırılmış və 5 min manat cərimələnmişdi. Həmin cəza yalnız çempionata tətbiq olunduğundan kubok matçında iştirak edən rusiyalı qısa zaman kəsiyində ikinci dəfə hakimin qəzəbinə tuş gəlib. Ən azı 1 oyunluq cəza alacaq Syominin taleyinə AFFA-nın intizam Komitəsi aydınlıq gətirəcək.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 24-də keçiriləcək. Syominin həmin matçı buraxacağı dəqiqdir.

0