Braziliya klubu da Anelkadan imtina etdi
16.04.2014 - 20:36
Braziliya klubu da Anelkadan imtina etdi

 

Braziliyanın “Atletiko Mineyro” futbol klubu Nikolya Anelkanı almaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, futbolçu danışıqların yekun raunduna gəlmədiyindən, “Atletiko” ilkin razılaşmanı ləğv edib.

 

Klubun idman direktoru Eduardo Maluf bildirib ki, danışıqlar aprelin 15-də keçirilməliymiş. Amma Anelkanın agenti həmin günün səhəri klubun ünvanına göndərdiyi elektron məktubda fransız futbolçunun danışıqlara ancaq aprelin 19-da yetişə biləcəyini qeyd edib. Anelka gecikməsini Qətərdə dini tədbirə qatılması ilə əlaqələndirib.

 

“Atletiko”nun prezidenti Aleşandre Kalil Anelkanın görüşə gəlməməsinin səbəblərini eşidəndə, ilkin müqaviləni ləğv edilməsi göstərişini verib.

 

35 yaşlı Nikolya Anelka 2014-cü ilin martında İngiltərənin “Vest Hem” klubu ilə müqaviləsini pozandan sonra işsiz qalıb. İngilis klubu Anelkanı davranış qaydalarını pozaraq irqçi hərəkətlər etməkdə günahlandırıb. Fransalı futbolçu 5 oyunluq diskvalifikasiyaya da məruz qalıb.

 

 

0