Bruno Bertuççi: Narahat olmağa dəyməz, finala çıxacağıq - MÜSAHİBƏ
17.04.2014 - 11:55
Bruno Bertuççi: Narahat olmağa dəyməz, finala çıxacağıq - MÜSAHİBƏ

“Neftçi” klubunun braziliyalı futbolçusu Bruno Bertuççi Azərbaycan kubokunun “Rəvan”la ilk yarımfinal matçından sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

 - Komandanız qələbə hesabını niyə qoruya bilmədi?

- Bu cür olacağını gözləmirdik. Düzdü, çətin olacağını bilirdik. Çünki rəqib də kuboku qazanmaq istəyir. Hər şey açıq qalıb. Yekun səfərdə keçiriləcək cavab oyununda bilinəcək.

 

- Qolu son saniyələrdə buraxdınız. Bu, sona yaxın arxayınlaşmağınızdan qaynaqlanır?

- Açığı, əvəzləndiyim üçün qolu görə bilmədim. Son saniyələrdə top buraxmaq, əlbəttə çox pisdir. Artıq oyun başa çatıb və bu qarşılaşmanı unutmalı, növbəti görüş haqda düşünməliyik.

 

- Doğma meydanda 1:1 hesabı sizin üçün üstünlük sayıla bilməz. Cavab oyununda nəyə ümid edəcəksiniz?

- İtirəcəyimiz bir şey yoxdur. Rəqib meydanında keçirəcəyimiz oyunda 1 qol vurub, qələbə qazanacağıq. Məncə, narahat olmağa dəyməz, finala çıxacağıq.

 

- Əvəzlənməyiniz nə ilə bağlı idi?

- Ayağım burxuldu. Buna görə də qaça bilmirdim. Ayağımı yerə basa bilmədiyimə görə, əvəzlənməyimi istədim. Çünki bu halda oyunu davam etdirə bilməyəcəkdim.

 

- Həftəsonu “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin oyunda iştirak edə biləcəksinizmi?

- Əlbəttə.

 

- Digər yarımfinal oyununda “Qəbələ” “Xəzər Lənkəran”a böyük hesabla qalib gəldi. Bu barədə nə deyə bilərsiniz?

- Futbolda hər şey ola bilər. Amma 3 top fərqi ilə uduzan komanda üçün dönüş yaratmaq çətin olacaq.

 

 

0