Fariz Nəcəfov: Bu nəticədən narazı qalmaq olar? - MÜSAHİBƏ
17.04.2014 - 15:00
Fariz Nəcəfov: Bu nəticədən narazı qalmaq olar? - MÜSAHİBƏ

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun ölkə kubokunun yarımfinal mərhələsində “Xəzər Lənkəran”la oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- 3:0 hesablı qələbə qazandınız. Komandanızın oyunu sizi qane etdi?

- Əlbəttə, hesab hər şeyi göstərir. Bu nəticədən narazı qalmaq olar?

 

- “Qəbələ”nin artıq finalda oynayacağını demək olar?

- Yox. Çünki futbolda hər zaman sürprizlər olur. Amma 3:0 böyük üstünlükdür. Səfərdə daha rahat oynaya biləcəyik. “Xəzər Lənkəran” zəif komanda deyil. Ona görə də finalda olduğumuzu demək olmaz.

 

- Bundan sonra əsas diqqəti kuboka yönəldəcəksiniz, yoxsa çempionatda iddialı yerlər uğrunda mübarizəniz davam edəcək?

- Harada şansımız varsa, orda da davam edəcəyik. Premyer Liqada 3-cü yer üçün iddiamız qalır. Finala çıxsaq belə, orda bizi daha bir komanda gözləyəcək. Ona görə də çempionatda da davam etmək lazımdır.

 

- Çempionatda belə istəklə oynamayan komandanız bu gün tam fərqli çıxış etdi...

- Yox, deməzdim ki, biz çempionatda istəkli oynamırıq. Orda da qələbə üçün “döyüşürük”. Amma futbolda uğursuzluqlar olur. Kubokda “Qarabağ” kimi komandanı mübarizədən kənarlaşdırdıq, “Xəzər Lənkəran” üzərində 3:0 hesablı qələbə qazandıq. Bunlar “Qəbələ”nin gücündən xəbər verir. “Uğursuzluq zolağı”ndan çıxmaq lazım idi. Bundan sonra çempionatda da qələbələr lazımdır.

 

- Bu qələbə komandanı arxayınlaşdıra bilər?

- Arxayınlaşmaq olmaz. Əslində, qarşıdakı oyunlara daha yaxşı motivasiya ilə çıxmaq lazımdır. Yəni, komanda özünəinamı geri qaytarmalıdır. Belə potensialı olan komanda hər oyunda qalib gəlməlidir. İnanırıq ki, hələ çox sevinəcəyik.

 

ELSEVƏR

0