“Mənə yaxşılıq edənlərə heç vaxt borclu qalmaram” - MÜSAHİBƏ
18.04.2014 - 23:00
“Mənə yaxşılıq edənlərə heç vaxt borclu qalmaram” - MÜSAHİBƏ

Bakının “İnter” klubunun futbolçusu Baçana Sxadadzenin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turunda “Bakı” ilə qarşılaşacaqsınız. Necə düşünürsünüz, ardıcıl 5-ci qələbəni qazana biləcəksinizmi?

- Rəqibin kimliyindən asılı olmayaraq, bütün matçlara qələbə üçün çıxırıq. Hər oyunda məqsədimiz 3 xal olur. Amma əvvəldən proqnoz verməyi xoşlamıram.

 

- Bu matç hər iki komanda üçün önəmlidir. “İnter” 2-ci yer uğrunda mübarizə aparır, “Bakı” isə bürünc şansını itirməmək üçün qalib gəlməlidir...

- Bizim üçün qalan 6 oyunun hər biri çox vacibdir. 2-ci yeri tutmaq üçün bu qarşılaşmaların hamısına final gözü ilə baxmalıyıq. Başqa yolumuz yoxdur. Meydanda hər şeyimizi qoymalıyıq ki, istəyimizə çataq. Mövsümün sonunda görəcəyik ki, biz bunu bacardıq, ya yox. “Bakı”ya gəlincə, bütün rəqiblərimiz kimi onlara da hörmətlə yanaşırıq.

 

- Cari mövsüm “Bakı” ilə 3 dəfə qarşılaşmısınız. Bu isə o deməkdir ki, komandalar bir-birini yaxşı tanıyır. Rəqibin güclü və zəif cəhətləri hansılardır?
- Mənə elə gəlir ki, ilk növbədə öz oyunumuza köklənməliyik. “Bakı” da yaxşı komandadır. Lakin biz öz oyunumuzu göstərməli və qalib gəlməliyik.

 

- Komandanız gümüş medallar uğrunda mübarizə aparır. Bundan artığına nail olmağa nə mane oldu?

- Mövsümün startında çox uğursuz çıxış etdik. Hətta ilk “dördlüy”ə düşəcəyimizə belə gözləmirdik.

 

- Çempionluğun astanasında olan “Qarabağ” ən yaxın izləyicisi “İnter”i nədə üstələyir?

- “Qarabağ” da, elə bir çox digər klublar da maliyyə baxımından “İnter”i çox qabaqlayır. Əlbəttə ki, Ağdam təmsilçisi bu mövsüm yüksək səviyyəli, parlaq futbol nümayiş etdirir. Mən də onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

 

- Komandanızın indiki heyəti Avropa Liqasında uğurlu çıxış etmək iqtidarındadır, yoxsa hansısa mövqelər gücləndirilməlidir?

- “İnter”ə heyətinin özəyini saxlamaq lazımdır. İmkan da olsa, bir az güclənməliyik. Biz komanda kimi birləşmişik və xarakter nümayiş etdirmişik.

 

- Bir müddət əvvəl atanız və baş məşqçiniz Kaxaber Sxadadzenin klubla müqaviləni yeniləməsi haqda xəbərlər yayılmışdı...

- Atam hələ “İnter”lə müqaviləni uzatmayıb. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

- Amma atanızın Tiflis “Dinamo”sundan təklif alması da deyilir. Bu haqda məlumatınız varmı?

- Mən də bu haqda eşitmişəm. Amma konkret heç nə bilmirəm.

 

- Artıq neçə vaxtdır şərəfini qoruduğunuz “İnter”i “Dinamo” ilə müqayisə edə bilərsiz?

- Hər bir gürcü futbolçu üçün “Dinamo” 1 nömrəli komandadır. Mənim ilk komandam da bu klubdur. “İnter” isə mənim üçün başqadır. Bundan sonra nə olursa olsun “İnter” mənim üçün doğma evim kimi qalacaq. Bu komanda mənə ayağa qalxmağa, özümü göstərməyə kömək etdi. Mən də bu kluba hər şeyimi verərəm. Hər dəfə meydana çıxanda da belə edirəm. Mənə yaxşılıq edənlərə, heç vaxt borclu qalmaram.

 

- Gələcəyinizlə bağlı hələ qərar verməmisiz. Karyeranızı “İnter”də davam etdirəcəksiz, yoxsa...

- Hələlik “İnter”dən müqavilənin uzadılması ilə bağlı təklif almamışam. Bildiyimizə görə mənimlə maraqlanan klublar var. Lakin mövsüm bitənədək heç kimlə danışıqlar aparmaq istəmirəm. Hələ gözləyəcəm. Hara tələsirəm ki? İndi mənim üçün ən vacib olanı son 6 matçdır. Mövsümü yüksək notda bitirmək istəyirəm.

 

- Bəzi xarici klubların maraq dairəsindəsiniz. Onların arasında Polşa klubu olduğu da deyilir. Bu haqda nə deyə bilərsiz?

- Dəqiq bilirəm ki, İsrail və Polşa klubları agentimə maraqlı təklif ediblər.

 

- Ötən ay Gürcüstan yığmasının düşərgəsinə çağırılmışdınız. Mayın sonunda yenidən milliyə çağırılacağınızı gözləyirsiz?

-  Mən həmişə millinin baş məşqçisindən dəvəti səbirsizliklə gözləyirəm.  Həmişə və hər zaman ölkəmə xidmət etməyə hazıram. Əminəm ki, layiq olacağım halda, Temuri Ketsbaya məni yığmaya çağıracaq.

0