Skarduelli sürpriz vəd edir: Hər şey edəcəyik
21.04.2014 - 11:16
Skarduelli sürpriz vəd edir: Hər şey edəcəyik

“Xəzər Lənkəran” klubunun braziliyalı müdafiəçisi Vanderson Skarduelli Topaz Premyer Liqasının XXXI turu çərçivəsində AZAL-la oyundan (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Erkən qol vursanız da, qələbə hesabını saxlaya bilmədiniz...

- Biz meydana qələbə üçün çıxmışdıq. Qəbələdəki uğursuzluqdan sonra qələbə qazanıb, özümüzə gəlməyə çalışırdıq. Buna çox inanırdıq. Amma sonda 1 xalla kifayətləndik. Biz rəqibdən üstün idik, xeyli qol imkanları yaratdıq. Təəssüf ki, bunlardan yalnız birində fərqləndik.  

 

- Komandanız qış fasiləsindən sonra doğma meydanda cəmi 1 qələbə qazanıb. Halbuki, əvvəllər Lənkərandan xal aparmaq böyük problem idi.

- Bunun səbəbini dəqiq deyə bilmərəm. Alınmayanda alınmır, nə edək... Bu gün də bacardığımız qədər yaxşı oynadıq, amma qələbə qolunu vura bilmədik.

 

- 3 gün sonra ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ” ilə cavab matçına çıxacaqsınız. Həmin qarşılaşma barədə nə fikirləşirsiniz?

- Bizim üçün çox vacib görüşdür. Cari mövsümdə oynayacağımız ən önəmli matçdır. Belə deyək, ölüm-qalım mübarizəsi olacaq. “Qəbələ” ilə oyundan özümüzə sərf edən nəticəni qazanmaq üçün hər şeyi edəcəyik. 3 gün ərzində çox ciddi çalışmalıyıq. Komandada bu oyunun əhəmiyyətini dərk etməyən futbolçu yoxdur.

 

- İlk oyundakı 0:3 hesablı yenilgidən sonra mərhələ adlayacağınıza inanırsınız?

- Futbol sürprizlərlə bol oyundur. Əgər rəqib evdə 3:0 hesablı qələbə qazanıbsa, biz niyə qələbə qazanmayaq? “Xəzər Lənkəran” zəif komanda deyil. Bizim çempionatda mübarizə aparacaq hər bir komandaya qalib gələcək gücümüz var. Doğma meydanda oynayacağıq. İnanırıq ki, bu qarşılaşmada dönüş etmək üçün azarkeşlər də bizə kömək edəcəklər.

 

- Komandanın uğursuz çıxışı ümidsizlik yaratmır?

- “Qəbələ” ilə kubok oyununa qədər ardıcıl 2 görüşdə uğurlu çıxış etmişdik. Amma səfərdə onlara uduzduq. AZAL-la görüşdə də komandamız yaxşı oynadı. Əsas olan komandanın oyunudur. Meydanda mübarizə apardıq və sona qədər qol vurmaq üçün çalışdıq.

 

- Qəbələdəki ilk yarımfinal oyununda 2 səhvlə yadda qalmışdınız. Xüsusən, birinci qolda ciddi səhvə yol verdiniz...

- Futbol səhvlər üzərində qurulub və heç kim bu səhvdən sığortalanmayıb. İnanıram ki, cavab oyununda daha yaxşı olacaq. Bunun üçün həm mən, həm də komandam var gücü ilə çalışır. Uğur qazanacağımıza ümidimiz böyükdür.

 

ELSEVƏR

0