Böyükağa Hacıyev: Ona heykəl qoymaq olar
22.04.2014 - 23:00
Böyükağa Hacıyev: Ona heykəl qoymaq olar

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Çempionatda “Sumqayıt”a yenilməyiniz futbol ictimaiyyətində yaxşı qarşılanmadı. “Neftçi”nin qəsdən uduzmaqla, AFFA-nın “Sumqayıt”ı elitada saxlama sifarişini yerinə yetirdiyiniz və bununla, ölkənin ali futbol qurumu ilə aranızda olan münasibətləri düzəltməyə çalışdığınız iddia edildi...

 

- “Neftçi” sifarişlərə işləmir. Heç kimdən sifariş almarıq. Bunu da heç kimə rəva bilmərəm. Bu gün “Sumqayıt”ı Azərbaycan futbolunda yaxşı komandalardan biri kimi gördüm. Bizim üçün istər “Rəvan”, istərsə də “Sumqayıt” eyni komandalardır. Yəni çempionatda 10 komanda varsa, hamısına eyni gözlə baxırıq. “Sumqayıt” həqiqətən də öz oyununa görə haqlı qələbə qazandı...

 

- Qapıçınız Pavel Doroşevin buraxılan qollarda kobud səhvləri də bu iddiaları qüvvətləndirdi...

 

- Həmin gün mən “Neftçi”nin heç bir futbolçusundan razı qalmadım. Məşqçi kimi komandamdan elə oyun gözləməzdim. Ola bilsin, bunun dərin səbəbləri var. Biz onları axtarırıq. Ancaq deyim ki, kiməsə 3 xal bağışlamaq, kiməsə hörmət etmək bizim əqidəmizə uyğun gəlməz. Həmişə təmizlikdən danışan insanlar heç vaxt belə səhvlər buraxmaz. “Sumqayıt” həqiqətən də layiqli qələbə qazandı. Bu, faktdır. Həmin gün “Sumqayıt” futbolçularının meydandakı istəyi bizimkilərdən 5 dəfə yüksək idi. O cavan uşaqlar özlərini sübut etməyə çalışırdı və bunu da etdilər. Hamı deyə bilər ki, “Sumqayıt” əvvəl niyə belə oynamırdı? Çempionatda 1-2 matç istəyə görə oynamaq mümkündür. “Sumqayıt”ı kimin himayə etdiyini bilmirəm. Vallah, bu, mənim üçün maraqsızdır. Ancaq sözün həqiqi mənasında yaxşı komandadır. Ola bilər ki, “Sumqayıt” bir az gec ayılıb. Bəlkə də çempionat başlayandan belə oynasaydılar, bu komanda yəqin ki avrokuboklar üçün mübarizə aparardı.

 

- Bunu Aqil Məmmədovun əməyi kimi qiymətləndirmək olar?

 

- Aqil Məmmədov məşqçidirsə, deməli, özü də yaxşı futbolçu olub. Bildiyiniz kimi, çoxlu məşqçilərin rəhbərliyi altında oynayıb. Ona görə də Aqil yaxşı komanda yaradıb. Yəqin ki, gələn il onun komandası vaxtında ayılar. Bilsəm ki, ən yaxınlarımdan kiminsə həyatı bu 3 xaldan asılıdır, mən bunu vermərəm. “Neftçi”nin “Sumqayıt”a xal verməsi boş söhbətdir.

 

- Araz Abdullayevlə bağlı klub tərəfindən hər hansı bir intizam tədbirləri görüləcəkmi?

 

- Araz yaxşı futbolçudur. Bir şeyi unutmamalıdır ki, gələcək taleyi öz əlindədir. Futbolçunun ömrü 10-15 ildən çox çəkmir. Bu müddətdə Araz futboldan yararlana biləcəksə, deməli, onun gələcəyi, futboldan sonrakı həyatı yaxşı olacaq. Futbol Araz kimi çoxlarını görüb. Futbol pəncərədir, hər gələn baxıb gedir. Araz özünü toparlaya bilsə, yəqin ki səsi Avropadan gələcək. Yox, əgər bir az futboldan kənar işlərə qarışarsa, o, uzağa getməz. Biz İntizam Komitəsinin qərarını gözləyirik (müsahibə İntizam Komitəsinin qərarı açıqlanmazdan əvvəl götürülüb – S.T.). Bundan sonra ona dair bizim öz qərarımız olacaq. Mən Arazı da o qədər qınamıram. O dəli deyil ki, durduğu yerdə azarkeşləri söysün. Azarkeşlər bir şeyi unutmamalıdır ki, futbolçu insandır, robot deyil, əsəbləri var. İranda şahın vaxtında günortaya kimi Təbriz camaatı “Yaşasın şah”, günortadan sonra “Getsin şah” deyirdi. Eyni şeydir. Dünənə kimi Araz yaxşı idi. Bir az zəif oynayan kimi başladılar ona nalayiq sözlər işlətməyə.

 

- Mahir Şükürov sanki kapitan olandan bəri sarğının məsuliyyətini dərk etməyə başlayıb. Həmişə rəqibə qarşı kobud olan Mahir “Sumqayıt”ın zədəli futbolçusunu meydandan çıxartmağa kömək edir. Deyəsən, ona verilən cəzalar işə yarayıb...

 

- Mahir təcrübəli futbolçudur. O, həm də millinin üzvüdür, hər kəsə nümunə olmalıdır. Ola bilsin Mahirin də başına girir ki, belə şeylər etmək olmaz. “Xəzər Lənkəran”la oyundan sonra ona cəza vermişdik. Ancaq həmin matçdan sonra onun və digər 3 müdafiəçimizin birdən cəzalandırılması sanki səni yerə yıxıb, başını kəsmək idi. Mən filan futbolçum oynamadı deyə, ağlayan məşqçilərdən deyiləm. “Sumqayıt”la matçda sol cinahda Bruno Bertuççi və Flavinyo oynamadı. Amma bunu bəhanə gətirmədim. O insan alidir ki, yoxdan nəsə yaradır. Olanı yaratmağa nə var ki? Bu gün “Neftçi”nin adı gələndə başqalarını vahimə basır. Niyə? Azərbaycana yaxşı, ali komanda lazım deyil? Niyə “Neftçi”yə bu il belə təzyiqlər olmalıdır? Nədir günahımız? Günahımız 3 il ardıcıl çempion olmağımız, ölkə kubokunu almağımız, Avroliqanın qrup mərhələsinə düşməyimizdir? Bu bütün Azərbaycan cəmiyyətinin inkişafı, Sadıq Sadıqovun strategiyasının nəticəsi deməkdir. Mən icraçıyam, deməli, onun işi alidir. Əvəzolunmaz futbolçu və məşqçi yoxdur. “Neftçi”yə başqası gələcək, bəlkə o məndən də yaxşı işləyəcək. “Çelsi” sonuncu pillədə gedən komandaya uduzdu, “Qalatasaray” öz meydanında qapısından 4 top buraxdı. Futbol səhvlər oyunudur. Ola bilər ki, “Sumqayıt”la matçda bizim səhvlərimiz daha çox idi. Ölənlə ölmürlər, əksinə gələcəyə nikbin nəzərlərlə baxmaq lazımdır.

 

- Flavinyonun ovladı dünyaya gəldiyi üçün Braziliyadadır. Bir müddət əvvəl bildirmişdiniz ki, Nikolas Kanalesi gətirmək üçün Flavinyonu Cənubi Amerikaya göndərəcəksiniz. Flavinyo vətəninə həm də bu məqsədlə gedib?

 

- Mən bu haqda yalan deyərəm. Transfer siyasətinə qarışmıram. Sabah ola bilər ki, Kanales “Neftçi”də olar. Çox istəyərəm qayıtmağını. Ancaq bu gün onun qayıtmasına görə klubun büdcəsinə də nəzər salmaq lazımdır. Kanales bura qara qaşa, qara gözə görə gəlməyəcək ki...

 

- Kanales də “Neftçi”dən gedişinə peşman olub. Ona görə də əvvəl aldığı maaşa oynamağa razılıq verər...

 

- Sonrakı peşmançılıq fayda verməz. Biz özümüz də peşmanıq ki, Kanalesi niyə buraxmışıq. Ancaq xeyri nədir? Məsləhət olacaqsa, cibimiz imkan verəcəksə, Kanales və onun kimi bir neçə oyunçular dəvət olunacaq. Üstəlik, Julius Vobay qayıdır. Baxın görün, “Neftçi”də necə gənclər yetişir. Bunları biz hazırlayacağıq, lazımınca təlimatlandıracağıq. Flavinyonun ayın 21-i oğlu dünyaya gəlib. Mən də ona tövsiyə etdim ki, oğlunun adını “Neftçi” qoysun. Çünki bu uşağın “fundamenti” Bakıda qoyulub, ata da neçə illərdir “Neftçi”dədir. 1979-cu ildə rəhmətlik Bəxtiyar Qulamovla bir yerdə oynayanda dedi ki, oğlum olsa, adını “Araz” qoyacağam. Mən də onun üzündən öpdüm. Ona dedim ki, oğlum olsa, adını ya “Nistru”, ya da “Spartak” qoyacağam. Bəxtiyar sözünə əməl etdi, mən isə öz əhdimə xilaf çıxdım (gülür). Flavinyo oğlunun adını “Neftçi” qoysa, biz onu əbədiləşdirəcəyik. Artıq ona heykəl qoymaq olar.

 

- Dediniz ki, Vobay qayıdacaq. Onun “Neftçi”dən gedişi ilə Araz ön plana çıxdı. Düşünmürsünüz ki, Vobayın gəlişi ilə Araz kölgədə qalar?

 

- Araza niyə maneçilik olur ki? Hər bir klubda rəqabət olmalıdır. Futbolçu boynunun arxasında həmin mövqedə çıxış edən oyunçunun nəfəsini hiss etməlidir. Kim güclüdürsə, o da oynayacaq. Biz o mövqeni Arazın adına yazmamışıq ki.

 

- Yayda hansısa xarici klubdan futbolçunuza təklif gəlsə, buraxacaqsınız, yoxsa avrokubok üçün onları saxlamağa çalışacaqsınız?

 

- Yenə deyirəm, transfer işinə qarışmıram. Məndən fikir öyrənən olsa, kimlər ki yarım güclə oynayıb, onları məmnuniyyətlə buraxacağam ki, gedib hardasa xeyir versin.

 

- “Qarabağ”la son görüşünüzdən əvvəl keçirdiyiniz mətbuat konfransında demişdiniz ki, nəticədən asılı olmayaraq, mövsümün sonunda “Neftçi”ni tərk edəcəksiniz. Ancaq sonuncu mətbuat konfransında “komandada qalsam” kəlməsindən yararlandınız. Bu, o deməkdirmi ki, Sadıq Sadıqov sizi yola gətirib? 

 

- Sadıq Sadıqovun mənə söz deməsinə ehtiyac yoxdur. Yarım kəlmə ilə bir-birimizi başa düşürük. Aramızda qarşılıqlı hörmət var. “Neftçi”də qazandığım reytinqi, imici bilavasitə ona borcluyam. Bu cəbhəni mənə verməsəydi, belə nəticə verməzdim. Jurnalistlər mənə həmişə sual verir: nə vaxt istefa verirsiniz? Mən də deyirəm ki, istefa verməyim mətbuat üçün belə lazımdırsa, günü sabah xahiş edim, məni buraxsınlar. Hələ çempionat qurtarsın, sonra bütün məsələləri müzakirə edərik.

 

- Amma o vaxt elə demişdiniz ki, artıq sizi futboldan iyrəndiriblər və Rusiyaya gedirsiniz...

 

- Futboldan iyrəndiyimi deməmişəm. Məni tək Rusiyadan yox, 100 komanda  istəyir. Qoyun, çempionatı başa vurum. Yekunda mətbuat konfransı keçirəcəyəm. Komandada qalmaq variantım var. Mən azərbaycanlıyam. Bu gün Azərbaycan futbolunda öz dəst-xətti olan məşqçiyəm. Savadımı, biliyimi də öz xalqıma xərcləmək istəyirəm.

 

Səbuhi TOFİQOĞLU                   

 

 

 

0