“Barselona” Bakıya revanş almağa gəlib” - MÜSAHİBƏ
23.04.2014 - 10:53
“Barselona” Bakıya revanş almağa gəlib” - MÜSAHİBƏ

Sabah futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” mərhələsində yarımfinal oyunları keçiriləcək. Dəyişməz ölkə çempionumuz “Araz” saat 21:00-da finala çıxmaq üçün “Barselona”nı yenməyə çalışacaq. Naxçıvan təmsilçisinin kapitanı Vitali Borisov məhz bu görüşdən öncə apasport.az saytının suallarını cavablandırıb.

 

- Komandada vəziyyət necədir? Hazırlıq yekunlaşır?

- Hər şey qaydasındadır. Zədəlilərdən yalnız mən qalmışam. Yəqin ki, oyuna qədər hazır olacağam.

 

- Zədəniz ciddidir?

- Ciddidir, əzələmi dartmışam. Hazırda müalicəm davam edir.

 

- Meydana iynə gücünə çıxacaqsınız?

- Dünən komanda ilə birgə məşq etmişəm. Yəqin ki, iynə vurulacaq.

 

- Heyətə yeni cəlb edilən komanda yoldaşlarınız haqda nə deyə bilərsiniz?

- Yenilər deyəndə, 3 nəfər heyətə cəlb edilib. Qalan yenilər “Neftçi”dən götürülüb. Onlar da komandaya öyrəşiblər. Hər şey qaydasındadır.

 

- Yenilərin gəlişi “Araz”ı gücləndiribmi?

- Əlbəttə. Hamısı adlı-sanlı futzalçılardır. Öz ölkələrinin yığmalarında oynayırlar.

 

- “Dördlər finalı”nın iştirakçılarının gücünü nəzərə alsaq, transferləri yetərli saymaq olarmı?

- Əlavə futzalçılar da götürüləcəkdi. İndiki məqamda oyunçu tapmaq çox çətindir. Çünki hamısının klubları ilə müqaviləsi var. Həm də bu qədər oyunçu kifayətdir. Bundan artığını yığmaq da yaxşı deyil. Səhv etmirəmsə, digər rəqiblərimiz də 1-2 yeni oyunçu ilə güclənib.

 

- Yarımfinaldakı rəqib “Barselona”dır. Onların oyununu izləyirsinizmi?

- Hər gün oyunlarına baxırıq. Diskləri izləmədən də bilirik ki, güclü komandadır. Onlara qarşı oynamışıq. Fikrimcə, maraqlı qarşılaşma olacaq.

 

- Bəlkə “Barselona” əvvəlki illərlə müqayisədə zəifləyib?

- Bunu meydan göstərəcək. Deyəsən, heyətlərində zədəli oyunçular var. Həmin futzalçılar əsas heyət üzvləridir. Ötən il də III yeri tutdular. Buna görə də Bakıya revanş almağa gəlib.

 

- Oyunların Bakıda keçirilməsi “Araz” üçün nə kimi üstünlüklər vəd edir? Azarkeşlər daha yaxşı nəticə gözləyə bilərmi?

- Azarkeşlər daha yaxşı nəticə gözləməlidir. Oyunlar Bakıda keçirildiyindən, bu, normal haldır. Çünki zala gələcək azarkeşlərimiz hansı idman növündən asılı olmayaraq, yerli komandadan ancaq qələbə gözləyir. Biz də çalışacağıq ki, onların ümidini doğruldaq.

 

- Şanslar necədir?

- Oyundan əvvəl hamının şansı bərabərdir. Bu, çempionat deyil, bir oyundan ibarət yarışdır.

 

- Yanvarda əsas milli Avropa çempionatına yaxşı hazırlaşsa da, fiaskoya uğradı. Analoji durumun burada təkrarlanması mümkündürmü?

- Fiasko deyəndə, xal baxımından uğursuzluq olmadı. Sadəcə, İtaliya ilə görüş yaxşı alınmadı. Oyun düzgün getmədi. Bu oyuna gəldikdə, hər şey mümkündür. Ola bilsin, “Barselona” fiaskoya uğrasın. Kim yaxşı hazırlaşıbsa, şanslarından istifadə edəcəksə, o da qalib gələcək.

 

0