Bakıda dindarların futbol turniri başlayır
24.04.2014 - 11:17
Bakıda dindarların futbol turniri başlayır

Azərbaycanda dini icmalar arasında “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri keçiriləcək.

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitədə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. G. İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub. Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

 

Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.

 

Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.

 

Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:

 

"A" qrupu

 

Süleyman (Xəzər)

Müşfiqabad (Qaradağ)

İmam Rza (Xəzər)

İmam Hüseyn (Sabunçu)

 

"B" qrupu

 

Hacı Əjdərbəy (Nəsimi)

Katolik Kilsəsi

Səngəçal (Qaradağ)

Xanım Zəhra (Yasamal)

 

"C" qrupu

 

Həzrət Məhəmməd (Səbail)

Məşədi Dadaş (Nəsimi)

BDU İlahiyyat

"Cümə" məscidi (Sumqayıt)

 

"D" qrupu

 

Yəhudi icması

Pravoslav Kilsəsi

İrfan (Binəqədi)

Həyat Sözü.

0