Maqnus Karlsen Şəmkirdə çempion oldu
26.04.2014 - 13:52
Maqnus Karlsen Şəmkirdə çempion oldu

Shamkir Chess 2014 turnirinin istirahət günündə təşkilatçılar tərəfindən maraqlı futbol yarışı keçirilib. Apasport.az saytının xəbərinə görə, 4 komandanın iştirak etdiyi ilk yarımfinalda şahmatçılarımızdan ibarət yığmamız dünya komandasına 0:2 hesabıyla uduzub.

Hər iki qolu şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen vurub. Digər yarımfinal görüşündə isə media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı komanda “Synergy Group” kollektivinə məğlub olub - 0:7.

III yer uğrunda görüşdə media komandası şahmat yığmamıza 4:2 hesabıyla qalib gəlib. Maraqlıdır ki, yoldaşlıq xarakterli görüşdə Maqnus Karlsen jurnalistlərin komandasında çıxış edib. Medianın 4:2 hesablı qələbəsində qolları Karlsen, Anar Allahverdiyev, Fərid Abbasov (2 qol) vurub. Azərbaycan şahmatçılarının komandasından isə Sərxan Həşimovla Şəhriyar Məmmədyarov (penalti) fərqlənib.

Final görüşündə “Synergy Group”la dünya şahmatçılarının komandası qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabıyla başa çatıb. Penalti zərbələrində daha dəqiq olan Karlsenin çıxış etdiyi dünya yığması 4:1 hesabıyla qalib gəlib. Karlsen həm oyunda qol vurub, həm də penaltidən dəqiq zərbəylə yadda qalıb.

0