Teymur Rəcəbov: Şəmkirdə mənə bir müəllim yaxınlaşdı və ...
01.05.2014 - 10:06
Teymur Rəcəbov: Şəmkirdə mənə bir müəllim yaxınlaşdı və ...

“Son oyunda heç-heçə görünürdü. Rəqib üstünlük qazanmaq istəsə də, alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Shamkir Chess-2014” turnirinin son turunda Hikaru Nakamurayla oyundan sonra Teymur Rəcəbov deyib.

 

Azərbaycanlı qrossmeyster ABŞ təmsilçisi ilə heç-heçə etdikdən sonra ilk “üçlük”dən kənar qalıb. Turniri 4-cü pillədə başa vuran Rəcəbov bildirib ki, Nakamuranın səhv edəcəyini gözləsə də, bu, baş verməyib: “Turnirə gəlincə, Maqnus Karlsenlə iki görüşdə 1,5 xal qazanmağı qeyd etmək istərdim. Son 6 ildə ona qalib gələ bilmirdim, ona görə Şəmkirdəki qələbəni vacib sayıram. 6 ay şahmat oynamadım. Bundan sonra bəziləri karyeramı bitirəcəyimi düşünürdü. Amma bu belə deyil. Mən şahmat oynamaq və yeni qələbələr qazanmaq istəyirəm”.

 

Yarışla bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Rəcəbov “Shamkir Chess-2014”ü karyerasında gördüyü ən yaxşı turnirlərdən biri adlandırıb: “Vüqar Həşimovun xatirə yarışı Azərbaycanda şahmat üzrə keçirilən ilk superturnir oldu. Yüksək təşkilatçılığı qeyd etməyə bilmərəm. Karyeram ərzində gördüyüm ən yaxşı turnirlərdən biri oldu. Ən yadda qalan məqam Karlsen üzərində qələbəm oldu. Ümid edirəm bu qələbəni çox xatırlamayacam. Çünki, qarşıdakı turnirlərdə Karlsen üzərində yeni qələbələr qazanmaq istəyirəm”.

 

Rəcəbov Şəmkirdə maraqlı bir əhvalatla rastlaşdığını da deyib: “Karlsenlə ilk turun başlanmasına dəqiqələr qalarkən mənə yaxınlaşan bir müəllim indi qələbə zamanıdır dedi. Elə həmin tur Maqnusu məğlub etdim. İkinci dövrədəki görüşdən əvvəl isə həmin insan mənə heç-heçə də pis olmaz söylədi. Onun dediyi kimi də oldu. Gərək növbəti oyunlarda həmin müəllimin köməyindən istifadə edim (gülür)”.

 

 

0