Yubiley iştirakçıları: Braziliyanı fəth edənlər
12.05.2014 - 12:09
Yubiley iştirakçıları: Braziliyanı fəth edənlər

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 31 gün qalıb. Apasport.az saytı Braziliyanın yaşıl meydanlarında baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını “Ölüm qrupu” ilə davam etdirir. D qrupunda yer alan Uruqvay millisi İngiltərə, İtaliya və Kosta-Rika ilə mübarizə aparacaq.

 

Uruqvay millisi futbol tarixinə ilk dünya çempionu kimi düşüb. 1930-cu ildə ilk mundialı qəbul edən cənubi amerikalılar finalda Argentinanı məğlub etməyi bacarmışdı. 20 ildən sonra isə “səma-mavilər” 2-ci dəfə planetin ən yaxşısı oldu. Özü də onlar Braziliyada – gələn ay keçiriləcək yarışa ev sahibliyi edəcək ölkəni fəth etmişdi. Həlledici qarşılaşmada isə Uruqvay məhz “sambaçılar”ı 200 mindən artıq auditoriyanın toplaşdığı “Marakana”da məğlub etməyi bacarmışdı.

 

Bundan sonra mundialların az qala daimi iştirakçısına çevrilən “Çarrua” ciddi uğur əldə edə bilmirdi. Lakin 4 il əvvəl CAR-da Cənubi Amerikanın ən yaxşı təmsilçisi olmağı bacaran Uruqvay yarımfinaladək irəlilədi. Lakin Oskar Tabaresin yetirmələri 4-cü olmaqla mükafatsız qaldı.

 

Dieqo Luqanonun kapitanı olduğu komanda Braziliyaya vəsiqəni pley-offdan qazanıb. Cənubi Amerika zonasında seçmə mərhələdə uğursuz çıxış edən uruqvaylılar Argentina, Kolumbiya, Çili, hətta Ekvadordan da geri qalmışdı. Qitələrarası pley-offda İordaniya ilə görüşən “səma-mavilər” cütün taleyini ilk matçda həll etdi – 5:0, 0:0.

 

“Çarrua”nın hər xətdə ulduz oyunçularının olması diqqət çəkir. Xüsusilə də hücum xətti uruqvaylıların ən güclü tərəfidir. Kavani, Suares və ötən mundialın ən yaxşı futbolçusu seçilən Forlandan ibarət hücum “trio”suna istənilən komanda həsəd apara bilər.

 

Seçmə mərhələnin 16 oyununda 25 qolun buraxılması isə arxa xətdəki problemlərdən xəbər verir. Bu da müəyyən mənada maraq doğurur. Çünki müdafiədə təcrübəli Luqano və La Liqanın ən etibarlı müdafiəsinə malik “Atletiko”nun arxa xətt oyunçusu Qodin burda qərarlaşıb. Ümumiyyətlə seçmə mərhələdəki uğursuzluq onların mundial ümidlərini şübhə altına salır.

 

Uruqvay millisi oturuşmuş, nadir hallarda dəyişdirilən heyətə malikdir. Bu dəyişikliklər də zədə və cəza səbəbindən olur. Məsələn “Qalatasatay”da çıxış edən qapıçı Muslera zədəli olduğundan pley-offda Xuan Kastilyo oynamışdı. Müdafiənin mərkəzində Luqano ilə Qodin. Cinahlarında Kasereslə Maksimiliano Pereyara qərarlaşır. Lakin cinahlarda Alvaro Peeyra ilə Fusile də peyda ola bilər. 38 yaşlı veteran Skotti isə mərkəz müdafiəçilərinin əvəzləyicisi sayılır. Yarımmüdafiə xəttində Qarqano, Kristian Rodriges və Alvaro Rodriges mübarizə aparır. Düzdür, onları əvəzləyə biləcək Rios, Ramires kimi oyunçular da var. Hücum xəttində isə Kavani, Suares və Forlana rəqabət yaradacaq simalar üzə çıxıb. Belə ki, Ernandes, Stuani və Abreu da uruqvaylı azarkeşləri qolla sevindirmək gücündədir.

 

Qeyd edək ki, Uruqvay millisi mundiala iyunun 14-də Kosta-Rika ilə qarşılaşma ilə başlayacaq. Tabaresin yetirmələri ayın 19-da İngiltərə, 24-də İtaliya ilə üz-üzə gələcək.

0