Yubiley iştirakçıları: “Xoruzlar” samba oynamağa gedir
16.05.2014 - 12:02
Yubiley iştirakçıları: “Xoruzlar” samba oynamağa gedir

Braziliyada keçiriləcək dünya çempionatının startına bir aydan az qalıb. Mundial iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı oxucularını E qrupu komandaları ilə tanış etməyə başlayır. Bu qrupun əsas favoriti olan Fransa millisi İsveçrə, Honduras, Ekvadorla mübarizə aparacaq.

 

UEFA prezidenti Mişel Platinin həmyerlilərinin ən böyük uğuru 1998-ci ilə təsadüf edib. Həmin vaxt “üçrənglilər” öz ölkələrində keçirilən mundialda əfsanəvi Zinəddin Zidan və yoldaşları sayəsində qızıl medallara sahib çıxmışdı. 2006-cı ildə yalnız finalda uduzan fransalılar 1958-ci ildə Jüst Fonten, 1986-cı ildə Platini ilə bürünc əldə etmişdi. Hər medalda bir əfsanənin liderliyi sayəsində sevinən “Xoruzlar ölkəsi” təmsilçisinin indi belə oyunçuya ehtiyacı var.

 

2010-cu ildə isə CAR-da fransalılar fiaskoya uğramışdı. Onlar cəmi 1 xalla qrup sonuncusu olmaqla kifayətlənmişdi. Didye Deşamın yetirmələri Braziliyaya vəsiqəni də pley-offda qazandı. Son dünya çempionu İspaniya ilə eyni seçmə qrupunda mübarizə aparan “üçrənglilər” 2-ci olması rəqiblərin Fransadakı qarşılaşmasında həll olundu. Pedro Rodrigesin qolu İspaniyanı mundiala, Fransanı pley-offa yolladı. Orada da çətinliklə üzləşən Deşamən komandası Ukraynaya səfərdə 0:2 hesabı ilə uduzdu. Mundial şansı minimuma enən fransalılar evdə vurduğu 3 cavabsız qolla həmin yenilginin əvəzini çıxmağa müvəffəq oldu.

 

Nəsildəyişmə prosesini arxada qoyan komanda gənclərdən təşkil olunan heyətə malikdir. Fransa millisi vacib görüşlərdə möhtəşəm oynaya bildiyini də sübut edib. Frank Riberinin özünün ən yüksək oyun səviyyəsinə qalxması, yeni nəsil Varan, Poqba, Sako, Qrenye, Manqalyanınü üzə çıxması da Deşamı sevindirir.

 

Lakin gənc və perspektivli komandanın ciddi beynəlxalq təcrübəsi yoxdur. Millidə 50-dən artıq oyun keçirənlərin sayını barmaqla göstərmək mümkündür. Deşamın komandası Anri və Trezeqedən sonra onları əvəzləyə bilən mərkəz hücumçusunun olmamasından xeyli əziyyət çəkib. İspaniya ilə görüşdə qol imkanlarının qaçırılması da bunun nəticəsi idi. Mundialda belə halal üzləşmək isə daha ağır nəticə verə bilər. Lakin Benzemanın son vaxtlar göstərdiyi oyun bu problemin də arxada qaldığını söyləməyə əsas verir. Antuan Qrizman da komandaya kömək edə bilər.

 

Fransa millisinin əsas qapıçısı Uqo Loris sayılır. Stiv Mandanda və Mişel Landro isə onun əvəzləyiciləridir. Müdafiənin mərkəzində Varanla ilə Sako, cinahlarında Evra ilə Debüşi yer alır. Lakin Evranı Klişi və ya Manqalya, Debüşini Sanyanın da əvəzləməsi istisna deyil. Zədəyə meylli Varan və sabit oynamayan Sakonu isə Koselnı arxa plana keçirə bilər.

 

Deşam 4-2-3-1 və 4-3-3 sistemlərindən istifadə edir. 1-ci varianta üstünlük veriləndə Matyuidi, Poqba və Kabaydan ibarət yarımmüdafiə “üçlüy”ündən biri hücumameylli oyunçu ilə əvəzlənir. Bu da Qrenyenin sayəsində mümkün olur. Hücumun mərkəzində Benzema və ya Jiru yer alaacq. Ona cinahlardan Riberi və Valbuena dəstək verəcək. Lakin mərkəzdə oynamaq üçün Remini də qeyd etmək olar. Deşamın Qrizmana da dəvət göndərməsi isə Fransa yığmasının hücumunda rəqabəti artırıb və rəqiblər üçün təhlükəni böyüdüb.

 

Qeyd edək ki, Fransa yığması iyunun 15-də Honduras, 20-də İsveçrə, 25-də Ekvadorla görüşəcək.

0