Yubiley iştirakçıları: Mundiala da min şükür
17.05.2014 - 23:00
Yubiley iştirakçıları: Mundiala da min şükür

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 25 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını E qrupunda mübarizə aparacaq Honduras millisi ilə tanış edir. Braziliyadakı mundialda honduraslılar Fransa, İsveçrə və Ekvadorla mübarizə aparacaq.

 

Mərkəzi Amerika təmsilçisinin ən böyük uğuru mundiala vəsiqə qazanmaqdır. 1982 və 2010-cu illərdə bunu bacaran “Los Katrakos” tarixində 3-cü dəfə final mərhələsində çıxış edəcək. Bir sözlə, kiçik ölkə təmsilçisi mundiala çıxmağa da şükür edə bilər. 4 il əvvəl CAR-da cəmi 1 xal toplayan honduraslılar qrup sonuncusu olmuşdu.

Kolumbiyalı mütəxəssis Luis Fernando Suaresin baş məşqçisi olduğu komanda seçmə mərhələni 3-cü yerdə başa vurub. Bu da onlara pley-off oynamadan mundiala yüksəlmək imkanı verib. “Ağlar” əsas rəqibləri ABŞ, Meksika və Kosta-Rika ilə oyunlarda qalib gəlməyə də nail olub.

Honduraslıların ən güclü tərəfi təslim olmamasıdır. Suaresin yetirmələri ən güclü rəqiblə matçda belə məğlubiyyətlə barışmır. Bu döyüşçü ruhu güclü rəqibin onlara yuxarıdan aşağı baxanda daha effektli olur. Honduras millisinin müdafiəyə meylli oyunçularının yaxşı ustalıq səviyyəsinə malik olduğunu demək mümkündür.

Lakin yenə də bu komanda mundialın aşkar autsayderlərindən biri sayılır. Suaresin sərəncamında Avropa səviyyəsinə yaxın bir oyunçu belə yoxdur. Ən böyük ulduz Fiqeroa isə “Hall Siti”də çıxış edir. Üstəlik yaşı 30-u keçənlərin sayı da kifayət qədərdir. Baş məşqçinin özünün də ciddi uğuru olmayıb. Hücum xəttinin bərbad durumu da diqqət çəkir.

Fiqeroa ilə yanaşı, “Stok Siti”də oynayan Uilson Palasios, “Seltik”li Emilio Essaqire də honduraslılar üçün ulduz sayılır.

Honduras millisi seçmə mərhələdə güvəndiyi heyətdə çətin ki, dəyişiklik etsin. Buna səbəb bu heyətin az-çox uyğunlaşmasıdır. Mərkəzi Amerika təmsilçisi qapıda Valyadaresə güvənəcək. Müdafiənin mərkəzində Bernardeslə Fiqeroa rəqiblərinin qarşısını almalıdır. Cinahlar isə İsaqirre ilə Conni Palasiosa həvalə olunacaq.

 

Espinosa və Uilson Palasios isə dayaq yarımmüdafiəçisi mövqeyində komandasına kömək etməlidir. Orta sahənin cinahlarında Çaveslə Qarsia yer alır. Hücumda isə Cerri Palasios və Kostli mübarizə aparacaq. Sonuncunu Ronni Martinez və ya Benstonun əvəzləməsi də istisna deyil.

 

Qeyd edək ki, Honduras yığması iyunun 15-də Fransa, 20-də Ekvador, 25-də İsveçrə ilə qarşılaşacaq.

0