Yubiley iştirakçıları: Azərbaycan çempionunun həsrət qaldığı yığma
21.05.2014 - 12:01
Yubiley iştirakçıları: Azərbaycan çempionunun həsrət qaldığı yığma

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 22 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını F qrupunda mübarizə aparacaq Bosniya və Herseqovina ilə tanış edir. Avropa təmsilçisi qrupda Argentina, İran və Nigeriya ilə görüşəcək.

 

“Sarı-göylər” tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib. Bu üzdən də onların hər hansı uğurundan danışmaq yersizdir. Safet Suşiçin baş məşqçisi olduğu yığma Braziliyaya vəsiqəni gərgin mübarizədə qazanıb. Onlar seçmə mərhələdə Yunanıstanla sonadək “vuruşub” və sonda əlavə göstəricilərə əssən 1-ci olmağı bacarıb. Birbaşa vəsiqə ilə Cənubi Amerikaya yollanan “Əjdahalar” debütdə o qədər çətin olmayan qrupa düşüblər. Argentinanın favorit olduğu qrupda balkanlılar 2-ci yerə ümidlidir.

 

Debütant olmasına baxmayaraq bosniyalılar yetərincə güclü, təslim olmayan komandaya malikdir. Yaxşı ifaçılara malik yığma seçmə mərhələdə əla nəticə göstərdi. 10 matçda 30 qol vuran və yalnız 6-nı buraxan balkanlılar 25 xal toplamağa nail oldu. 10 qola imza atan Edin Ceko isə Avropa zonasının 2-ci bombardiri oldu. Hücumçu yalnız Robin van Persidən geri qaldı.

 

Belə böyük yarışlarda təcrübəsizlik isə Suşiçin komandasına zərbə vura bilər. İndiyədək “Əjdahalar” nə dünya, nə qitə birinciliyinin final mərhələsində oynayıb. Böyük nailiyyəti olmayan mütəxəssis o qədər də güclü sayılmayan müdafiə xəttinə malikdir. Bu üzdən arxa xətt də problemli sayılır. Üstəlik, baş məşqçinin heyətlə bağlı geniş seçim imkanı da yoxdur.

 

Komandanın ən böyük ulduzu elə Ceko hesab olunur. “Mançester Siti”də çıxış edən hücumçudan başqa, “Roma”lı Miralem Pyaniç və “Stok Siti”li Asmir Beqoviçi qeyd etmək olar.

 

Suşiç klassik İtaliya sxeminə - 4-3-1-2-yə sadiqliyi ilə seçilir. Komandanın aşkar “1 nömrə”si Beqoviçdir. Onun əvəzləyicilərindən biri olmağa isə “Qarabağ”ın heyətində Azərbaycan çempionu olan İbrahim Şehiç də namizəd idi. Lakin Suşiç çempionumuza Braziliyaya yollanan heyətdə yer verməyib. Asmirin önündə yığmanın kapitanı Spahiç və Bikakçiç qərarlaşır. Müdafiənin cinahları isə Luliçlə Vrşayeviçə tapşırılır. Bu cütlüyün üstünlüyü ondadır ki, bütün cinah boyu hərəkət edir, yarımmüdafiəçilərin orta sahədə oynamasına imkan yaradır.

 

Dayaq yarımmüdafiəçisi mövqeyi isə Medunyaninə həvalə olunub. Rahimiçin mundiala aparılmaması bu mövqedə rəqabəti azaldıb. Onun önündə Pyaniçlə Salihoviç çıxış edir. Hücumçuların arxasından ön xəttə dəstəyi isə Misimoviç verməlidir. Hücumda Ceko ilə İbişeviçin yer alacağına isə çətin ki. şübhə edən tapılsın.

 

Qeyd edək ki, balkanlılar iyunun 15-də Argentina, 21-də Nigeriya, 25-də İranla ilə qarşılaşacaq.

0