Böyükağa Hacıyev: Diniyevin vaxtında millidəki gənclərin yaşı 118-ə çatmışdı
21.05.2014 - 16:50
Böyükağa Hacıyev: Diniyevin vaxtında millidəki gənclərin yaşı 118-ə çatmışdı

“Çalışacağıq ki, sabah azarkeşlərimizə bayram əhval-ruhiyyəsi yaşadaq. “Qəbələ” çox yaxşı komandadır. Ancaq unutmasınlar ki, onların rəqibi “Neftçi”dir”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Sabah ölkə kubokunun final matçında “Qəbələ” ilə qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcı oyunöncəsi mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Hacıyev komandasından yalnız qələbə gözlədiyini bildirib: “Çalışacağıq ki, kuboku qazanaq. Yəqin ki, bu istək “Qəbələ”də də var. Gəlin, tələsməyək. 24 saatdan sonra bu oyunun şahidi olacaqsınız”.

 

Hacıyev ardından bəzi həmkarlarına söz atmaqdan da çəkinməyib: “Ünvanıma irad səsləndirən məşqçilər Milandakı oyundan sonra mənə dedilər ki, siz tarix yazdınız. Mən deməmişəm ki, Azərbaycan futbolunun tarixini yazmışam. Mənim üçün hələ tezdir. “Neftçi” yeganə klubdur ki, ardıcıl 3-cü dəfə Azərbaycan çempionatında kubok oynayır. O məşqçi məni müzakirə edər ki, göstərdiyi nəticələrə görə məndən yüksəkdir. Çox təəssüf ki, azərbaycanlı məşqçilər bir-birini sevmir. Deyin görək, məndən başqa, legioner məşqçilərə söz deməkdən çəkinməyəm məşqçi var. Mənim barəmdə fikir bildirən Şahin Diniyev və Nazim Süleymanov olub. Nazim futbolçu kimi yaxşı olsa da, məşqçi kimi bir işi olmayıb. Şahin işləyəndə haqqında söz deməmişəm. Baxıram ki, gərək deyəydim. Onun vaxtında gəncləşdirmə siyasətindən əsər-əlamət yox idi. Millidəki gənclərin yaşı 118-ə çatmışdı. Azər Məmmədov, Kənan Kərimov və Aslan Kərimovun üst-üstə yaşı bu qədər edir. Quran Qurbanovu alqışlayıram. Mən demişəm ki, Azərbaycan futbolunda tarix yazmışam. Səhv deyirəmsə, telefonu vurun başıma. Nikosiyada bəxş etdiyimiz sevinci harda sizə bəxş edən olmuşdu? Gəlin, paxıllıqdan uzaq olaq. Bu gün mən ensiklopediyayam. Açaram sandığı, tökərəm pambığı. Mən neyləyim ki, Kərim Diniyev “Neftçi”də özünü göstərə bilmədi. Özümü qurban verməli idim?”

 

“Mahir Şükürovun oynamayacağı görüşdə çətinlik çəkməyəcəksiniz ki” sualına gəlincə, 56 yaşlı mütəxəssis onu əvəzləyəcək futbolçuların olduğunu vurğulayıb: Bizdə əvəzolunmaz futbolçu yoxdur. Məqsəd İsayev onu çox gözəl əvəzləyir. Eləcə də Araz Abdullayevin yoxluğunda Samir Məsimov özünü yaxşı tərəfdən göstərdi”.

 

0