Yubiley iştirakçıları: Cənub qonşularımız
23.05.2014 - 15:51
Yubiley iştirakçıları: Cənub qonşularımız

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 20 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını F qrupunda mübarizə aparacaq İran millisi ilə tanış edir. Heyətində müəyyən sayda azərbaycanlı olan qonşu ölkə təmsilçisi qrupda Argentina, Nigeriya, Bosniya və Hersoqovina ilə görüşəcək.

 

Azərbaycan millisi Braziliyaya vəsiqə qazanmağa yaxın olmasa belə, bir neçə soydaşımız final mərhələsinə qatılacaq. Qonşu ölkənin millisi tarixində 4-cü dəfə mundiala qatılacaq. 1978, 1998 və 2006-cı illərdə iranlılar qrup mərhələsində mübarizəni dayandırıb. 4 il əvvəl isə CAR-da onlar çıxış etmirdi.

 

Portuqaliyalı mütəxəssis Karluş Keyruşun yetirmələri Braziliyaya vəsiqəni qrup qalibi kimi qazanıb. Onlar Cənubi Koreya və Özbəkistan kimi yığmaların yer aldığı qrupda ən yaxın izləyicisini 2 xal arxada qoyub.

 

3 il əvvəl Asiya kubokunun 1/4 finalınadək irəliləyən İran millisi avropalılar üçün sirli qutuya bənzəyir. Avropadakı oyunçuları barmaqla sayılan qonşularımızın seçmə mərhələdəki uğuru çoxları Keyruşun adı ilə bağlayır. Vaxtilə əfsanəvi Aleks Ferqyusonla çalışan portuqaliyalı zəngin təcrübəsindən yararlanmaqla əsl komanda yaratmağa müvəffəq olub. 10 seçmə oyununda vur-tut 2 qolun buraxılamsı da bu komandanın gücündən xəbər verir.

 

Yığmada Avropa səviyyəli oyunçunun yoxluğu, əksər futbolçuların orta səviyyəli İran çempionatında top qovması isə Keyruşu da narahat edir. Müdafiəsi ilə öyünən iranlılar hücum xəttinə görə xəcalət çəkə bilər. Hər halda qrup birincisi 10 oyunda 8 qol vurmamalıdır. Bunun da 4-ü Livanla görüşlərə təsadüf edib.

 

Qonşularımızın ən böyük ulduzu “Fulhem”də çıxış edən Aşqan Dejağadır. Vaxtilə Prinerada oynamış Cavad Nekunamsa artıq Asiyaya qayıdıb.

 

İran yığmasında millidə oyun təcrübəsi böyük olan sima yoxdur. Əsas qapıçı sayılan Əhmədi 10-dan az oyun keçirib. Müdafiənin mərkəzində Montazəri ilə Hüseyni yer alır. Arxa xəttin cinahları isə Beykzadə ilə Heydəriyə həvalə olunur. Nekunamla Teymuryan isə dayaq yarımmüdafiəçisi mövqeyinə cavabdehdir. Dejağa ilə Şocaei cinahlardan hücuma dəstək verməlidirlər. Xələtbari ilə Quçannicat isə iranlıların əsas qol ümidlərdir. Lakin Kərim Ənsərifərd də ön xətdə peyda ola bilər.

 

Qeyd edək ki, Asiyalılar iyunun 16-da Nigeriya, 21-də Argentina, 25-də Bosniya və Hersoqovina ilə qarşılaşacaq.

0