Yubiley iştirakçıları: Foqtsun həmyerliləri
23.05.2014 - 23:00
Yubiley iştirakçıları: Foqtsun həmyerliləri

Dünya çempionatının final mərhələsinin başlamasına 19 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını G qrupunda mübarizə aparacaq Almaniya millisi ilə tanış edir. Planetin ən güclüsü olmağa namizədlərdən sayılan Bundestim qrupda Portuqaliya, Qana və ABŞ-la mübarizə aparacaq.

 

Almaniya millisi dünya çempionatlarında ən çox mükafat qazanan komandalardan biridir. 1954, 1974 və 1990-cı illərdə dünya çempionu olan Bundestim 4 (1966, 1982, 1986, 2002) gümüş və 4 (1934, 1970, 2006, 2010) bürünc qazanan komanda daim böyük yarışların favoritidir. Lakin 1996-cı ildə əldə olunan Avropa çempionluğundan sonra Bundestim titul qazanmayıb. Son uğurun memarı isə hazırda Azərbaycan millisinin baş məşqçisi olan Berti Foqtsdur.

 

Onun həmyerliləri final mərhələsində Portuqaliya və ABŞ-la da mübarizə aparmalıdır. Bunlardan birincisi millimizin seçmə mərhələdəki rəqibi, digəri isə mayın 27-də yoxlama oyununda qarşılaşacağı komandadır. 4 il əvvəl bürünc qazanan Almaniya mundialda sonuncu dəfə 1998-də “üçlüy”ə düşməmişdi. Həmin vaxtda Foqts istefaya göndərilmişdi.

 

Yoahim Lövün yetirmələri ənənələrinə sadiq qalaraq seçmə mərhələni birnəfəsə keçdilər. 10 oyunda 9 qələbə qazanan almanlar yalnız İsveçlə möhtəşəm qol yağında xal itirdi – 4:4. Bununla da qrup 1-cisi adını təmin edən komanda Braziliyaya vəsiqə əldə etdi.

 

Çox sayda ulduz futbolçuları olan Bundestimdə istənilən mövqeyə namizədlər yetərincədir. Sabit nəticələr, baş məşqçi Lövün işi, baxımlı futbol – bütün bunlar Almaniya millisinin güclü tərəflərdir.

 

Lakin bu komandada da çatışmayan nəsə var. Bu da təcrübədir. Kifayət qədər gənc və istedadlı olan komanda qızıl medalların 1-2 addımlığında büdrəyir. Xüsusilə də müdafiədəki problem diqqət çəkir. 10 seçmə oyunda 10 qol buraxılması Lövü narahat etməyə bilməz. Buna da səbəb Hummelsin oyununda eniş, Badştuberin zədəsi və Mertezakerin sabit oynamamasıdır.

 

“Bavariya”da çıxış edən Noyer, Müller, Lam, Şvaynştayger kimi ulduzlara malik Bundetimin digər klublarda da Özil, Roys kimi futbolçuları var. Komandanın “1 nömrəsi” də Noyerdir. Yığmanın kapitanı, universal Lam müdafiənin sağında, Hummelslə Mertezaker mərkəzdə qərarlaşır. Solda isə Smeltser, Aoqo və Yansen arasında güclü rəqabət var. Mərkəz müdafiəçilərini isə Boatenq, Vesterman, Hevedes də əvəz edə bilər.

 

Orta sahədə Şvaynştaygerlə Kroos onların önündə isə Özil yer alır. Bender də orta sahədə peyda ola bilər. Qötze, Draksler, Podolski, Şurrle kimi oyunçuları olan Löv hücumlara dəstək üçün cinahlardan Roysla Müllerə güvənir. Ön xətdə qərarlaşan Klozeyə məhz Özil-Müller-Roys “üçlüy”ünün dəstək verəcəyi daha inandırıcıdır.

 

Qeyd edək ki, Almaniya mundialda ilk oyununu oyunun 16-da Portuqaliyaya qarşı keçirəcək. Bundestim ayın 21-də Qana, 26-da ABŞ-la görüşəcək.

0