Yubiley iştirakçıları: Təcrübəsiz istedadlar
28.05.2014 - 13:12
Yubiley iştirakçıları: Təcrübəsiz istedadlar

Dünya çempionatının final mərhələsinin başlamasına 15 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını H qrupunda mübarizə aparacaq Belçika millisi ilə tanış edir. Avropa təmsilçisi qrup mərhələsində Əlcəzair, Rusiya, Cənubi Koreya ilə mübarizə aparacaq.

Belçika millisi mundiallarda kifayət qədər iştirak etsə də, mükafatçılar sırasına düşməyib. “Qırmızılar”ın ən böyük uğuru 1986-cı ilə təsadüf edib. 1/8 finalda SSRİ yığmasını oyundankənar vəziyyətdən vurulan qolla keçən komanda Meksikada 4-cü olmuşu. 4 il əvvəl isə onlar CAR-da iştirak etmirdi.

Mark Vilmotsun baş məşqçisi olduğu komanda seçmə mərhələdə 1-ci yer uğrunda Xorvatiya ilə mübarizə apardı. Sonda rəqibini arxada qoyan belçikalılar Braziliyaya birbaşa vəsiqə əldə etdi. Bu da Lukakunun “damalılar”la qarşılaşmadakı dublu sayəsində mümkün oldu. Mərhələni məğlubiyyətsiz bitirən “qırmızılar” 26 xalla 12 illik mundial həsrətinə də son qoydu.

Son illər Belçikada istedadlı gənclərdən ibarət futbolçu nəsli yetişib. 25 yaşı da olmayanların bir qismi artıq dünya səviyyəli ulduzdur. Vilmotsun bütün xətlərdə geniş oyunçu seçimi var. Hətta Azar, Bakkali, veteran Simons kimi oyunçular da heyətdəki yerlərinin 100 faiz təmin olunduğuna əmin deyil. Bu da rəqabətin böyüklüyü ilə bağlıdır. Seçmə mərhələdə cəmi 4 qolun buraxılması müdafiə xəttinin gücündən xəbər verir. Vermalen, Kompani, van Buyten, Vertongen kimi müdafiəçiləri olan komandanın qapısında Kurtua dayanır.

Belçika yığmasının problemi təcrübənin çatışmazlığıdır. Hər bir gənc komandada özünü göstərən bu çatışmazlıq böyük turnirlərdə uğurlar qazanmasına mane olur. Yalnız Simonsla van Buyten dünya çempionatının final mərhələsinin nə olduğunu bilir. Onlar DÇ-2002-də də iştirak edib. Lakin Vilmotsun özü 4 mundialda, o cümlədən 2002-ci ildə bu yarışda iştirak edib. Güclü komandalarla yoxlama oyunlarında belçikalılar uğur qazana bilmir. Müdafiə xətti isə enişdədir. Kompani və Vertongen zədəyə meylli, Vermalen, Aldervereld və van Buyten isə klublarında heyətə düşməyə çətinlik çəkir.

“Qırmızılar”ın əsas qapıçısı şübhəsiz ki, Kurtuadır. Minyole nə qədər istedadlı olsa da, “Atletiko”lu ilə rəqabətdə şanssızdır. Müdafiənin mərkəzində Kompani ilə Vermalen, solunda Vertongen, sağında Aldervereld qərarlaşır. Lakin Jille cinahda, van Buytenlə Lomberts mərkəzdə onları əvəz edə bilər.

Orta sahədə Defur dayaq yarımmüdafiəçisi, Vitsellə Dembele onun önündə yer alır. Fellaini isə millidəki mövqeyini itirməkdədir. Hücumun sivri ucunda Lukaku yer alır. Lakin onun Benteke kimi rəqibi də var. Cinahlardan hücuma Azar və de Bryuin dəstək verir. Onlar Miralyası heyətdən sıxışdırmağa nail olub.

Qeyd edək ki, Belçika millisi iyunun 17-də Əlcəzair, 22-də Rusiya, 26-da Cənubi Koreya ilə üz-üzə gələcək.
 

0