Yubiley iştirakçıları: “Səhra tülküləri”
29.05.2014 - 12:07
Yubiley iştirakçıları: “Səhra tülküləri”

Dünya çempionatının final mərhələsinin başlamasına 14 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını H qrupunda mübarizə aparacaq Əlcəzair millisi ilə tanış edir. Afrika təmsilçisi qrup mərhələsində Belçika, Rusiya, Cənubi Koreya ilə mübarizə aparacaq.

 

“Səhra tülküləri” indiyədək mundiallarda heç bir uğur əldə etməyib. Afrikalıların ən yaxşı nailiyyəti final mərhələsində qatılmaq olub. 1982, 1986 və 2010-cu ildə bunu bacaran Əlcəzair yığması 4 il əvvəl CAR-da qrup sonuncusu olmuşdu. Həmin vaxt komanda 3 qarşılaşmada cəmi 1 xal toplamışdı.

 

Vahid Həlilhodjiçin baş məşqçisi olduğu yığma seçmə mərhələdə parlaq qələbə qazandı. 6 oyunda 15 xal toplayan komanda ən yaxın izləyicisi Malini 7 xal geridə qoydu. Burkina-Faso ilə pley-of görüşlərində isə əlcəzairlilər nisbətən çətinliklə, yalnız səfər qolu sayəsində qalib gəldi – 2:3, 1:0.

 

Ərəblərin mundial ərəfəsindəki son addımı çətin atması azarkeşlərinin ümidlərini şübhə altına qoyub. Avropanın aparıcı çempionatlarında çıxış edən. Amma tanınmayan oyunçularının Braziliyada sensasiya etməsinə inanalar da çox azdır. Lakin CAR-da göstərilən nəticələr “səhra tülküləri”ni az-çox ümidləndirir. Hər halda CAR-da qol vurmadan sonuncu olan yığma yeganə xalını İngiltərədən almış, uduzduğu qarşılaşmaların hər ikisində 0:1 hesabı ilə uduzmuşdu. İtaliya “İnter”ində çıxış edən istedadlar Belfodil və Tayder də azarkeşlərin əsas ümidlərindəndir.

 

Əlcəzair millisinin problemləri isə yetərincədir. Kifayət qədər az qol vuran komanda da yüksək səviyyəli oyunçuların da azlığı hiss olunur. Baş məşqçi təcrübəli olsa da, ciddi uğuru yoxdur. Ötənilki Afrika kuboku isə uğursuzluqla başa çatdı.

 

Afrikalıların əsas qapıçısı Rusiya və Bolqarıstanda çıxışları ilə tanınan M'Bolidir. Müdafiənin mərkəzində kapitan Buqqera və Mecani yer alır. Cinahlarda isə Mustafa ilə Mesba çıxış edir. Lakin onların mövqelərində ciddi rəqabətin olduğu da qeyd edilməlidir.

 

Təcrübəli Yebda ilə Tayder dayaq yarımmüdafiəçisi kimi orta sahədə mübarizə aparır. Hücumun sivri ucunda isə Belfodil və ya Slimani yer almalıdır. Onun arxasında adətən Brahimi qərarlaşır. Sağ cinahdan Fequlinin oynayacağı dəqiqdir. Solda isə millinin ən yaxşı bombardirlərindən olan Sudani çıxış edir.

 

Qeyd edək ki, Əlcəzair millisi iyunun 17-də Belçika, 22-də Cənubi Koreya, 26-da Rusiya ilə üz-üzə gələcək.

0