Çorluka Braziliya yığmasına sataşdı: Belə hakimlərlə çempion olacaqlar
13.06.2014 - 11:50
Çorluka Braziliya yığmasına sataşdı: Belə hakimlərlə çempion olacaqlar

“Yaponiyalı hakim Yuiti Nişimuranın meydanda nə etmək istədiyini başa düşə bilmədim. Onun idarəçiliyi rüsvayçılıq idi”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Vedran Çorluka deyib.

 

28 yaşlı futbolçu Braziliyaya 1:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirib. O, Deyan Lovrenin Fredə qarşı heç nə etmədiyini, ancaq hakimin gülünc penalti qərarı ilə üzləşdiklərini söyləyib.

 

“Fikrimcə, biz yaxşı oynadıq, braziliyalılar isə xüsusi bir şeylə yadda qalmadılar. Belə penaltiyə nə ad vermək olar? Bu hakim heç ingiliscə də danışa bilmir. Yalnız yapon dilində. Biz ona nə deyə bilərdik? Başa düşmürəm ki, ümumiyyətlə, niyə belə oyun oldu. Braziliyaya dərhal dünya çempionu titulunu vermək olar. Əgər onların növbəti oyunlarında da belə olacaqsa, onda hər şey aydındır. Braziliyanın kimlə oynayacağı vacib deyil, onsuz da çempion olacaq”.

 
“Mançester Siti”, “Tottenhem” və “Bayer”in sabiq futbolçusu sambaçılara qarşı oyunda çəkinmədiklərini də diqqətə çatdırıb: “Biz bilirik ki, yaxşı komandamız var. 2 futbolçumuz hazırda “Real” və “Barselona”da (Kataloniya klubu ilə yenicə müqavilə bağlamış İvan Rakitiçi nəzərdə tutur – red.) oynayır. Ona görə də niyə biz braziliyalılara qarşı döyüşməməliyik? Biz onlardan qorxmurduq. Ancaq hakim bizə mane oldu. Bu matç dünya çempionatının açılış oyunu idi. Bütün planet baxırdı! Belə idarəçiliyin necə baş verdiyini başa düşmürəm”.

0