Dünya çempionu kim olacaq?: Paytaxt sakinlərinin futbol proqnozu - VİDEO
07.07.2014 - 16:13
Dünya çempionu kim olacaq?: Paytaxt sakinlərinin futbol proqnozu - VİDEO

Dünya çempionatının başa çatmasına bir həftədən də az vaxt qalıb. Artıq yarımfinala vəsiqə qazanan komandalar məlumdur. Futbol azarkeşləri Braziliya, Almaniya, Hollandiya və Argentina yığmalarının yarımfinala vəsiqə qazanmasını təsadüf saymır. Amma yenə də bunun adı futboldur, hər komandanın öz azarkeşi, hər azarkeşin öz komandası var. Elə paytaxt Bakıda da. Görəsən, paytaxt sakinləri ən çox hansı komandanın dünya çempionu olacağını düşünür? Bakı küçələrində keçirdiyimiz sorğudan məlum oldu ki, həmyerlilərimizin əksəriyyəti hesab edir ki, Almaniya yığmasının dünya çempionu olmaq şansı daha çoxdur. Hətta almanlara azarkeşlik etməyənlər arasında da belə düşünənlər var.

"Almaniya ilə Hollandiyanı finalda görürəm. Düşünürəm ki Hollandiyanın qalib gəlmək şansı daha çoxdur. Amma yenə də Almaniya deyirəm".

"Düşünürəm ki, Almaniya finala çıxacaq və finalda qalib gələcək. Düzdür, hollandlar da pis oynamır. Onların oyun texnikasını bəyənirəm. Amma almanların qalib gəlməsini istəyirəm".

"Bu çempionatda favoritim Hollandiyadır".

"Mən hələ uşaqlıqdan bəri bütün çempionatlara baxıram. Hər zaman da Braziliyanı dəstəkləmişəm. Hələ Ronaldonun zamanından çempionatları izləyirəm".

"Çox istəyirəm ki Almaniya finala çıxsın və qalib gəlsin. Bu komandada bəyəndiyim futbolçular var. Məsut Özil, Lukaş Podolski, Miraslav Kloze varsa, Almaniya mütləq qalib gələcək".

Paytaxt sakinləri arasında Braziliya millisini də dəstəkləyənlər kifayət qədərdir. Lakin Braziliyanın ötən dünya çempionatlarından fərqli olaraq bu il uğursuz çıxış etdiyini düşünənlər də az deyil.

"Hesab edirəm ki, bu çempionatın qalibi məhz Braziliyadır. Çünki onların oyun taktikası düzgün seçilib. Eyni zamanda onlar öz ölkələrində oynayırlar, bu da onlara əlavə üstünlük verir. Neymarın olmaması Braziliya millisini bir qədər axsatsa da, oyun bir futbolçunun üstündə qurulmur. Düşünürəm ki onlar komanda oyunu oynayıb finalın qalibi olacaqlar. Finalda Braziliya və Argentinanı görürəm".

"Braziliya qalib gələcək. Düzdür, rəqibləri heç də zəif deyil. Final gecəsi Argentina və Braziliya qarşılaşacaq və mütləq Braziliya qalib olacaq. Düzdür, Neymarın oynaya bilməməsi bir qədər pis oldu. Buna görə, bir qədər tərəddüd edirəm ki, Almaniya-Braziliya oyununda Almaniya qalib gələ bilər".

"Braziliya bu il çox zəif oynayır. Onlar əvvəllər çox güclü komanda idi və güclü oyunçuları vardı. Bu il heç nə ilə yadda qala bilmirlər".

Gözlənilməz nəticələrlə azarkeşlərini bəzən məyus edən, bəzən isə sevindirən komandaların səs-sədası isə görünür hələ bir müddət yaddaşlardan silinməyəcək.

"Bu çempionatda gözlədiyim nəticələr olmadı. Əvvəldən Braziliyaya azarkeşlik edirdim. Lakin istədiyim oyunu görə bilmədiyimdən məcbur olub Hollandiyaya baxmağa başladım. Düşünürəm ki Hollandiya qalib olacaq".

"Qeyri-adi oldu mənim üçün. Düşünürdüm ki, İspaniya finala kimi gedəcək, amma olmadı. İspaniya biabırçı bir vəziyyətə düşdü. O oyuna baxanda mən əsəbimdən yemək də yeyə bilmirdim. Nəyə görə? Çünki, dünya çempionu olan bir komanda bu vəziyyətdə məğlub olmamalı idi. Ona görə deyirəm ki, istənilən sürprizə hazır olmaq lazımdır".

"Hollandiyanın oyununu bu qədər güclü hesab etmirdim. Çünki, onların müdafiəsi bir qədər zəif idi. Amma baxdıqca gördüm ki Hollandiya çempionatda nəinki yarımfinala, hətta finala da çıxa bilər. Braziliya isə bütün mərhələləri keçməsinə baxmayaraq, hələdə öz oyununu tapa bilməyib".

Bu çempionat bir çox güclü komandaların qrup mərhələsində qalması ilə yadda qaldı. Çempionata erkən vidalaşan komandalar ilk növbədə azarkeşlərini məyus etdilər.

"Əlcəzair komandasından gözləmədiyimiz bir nəticəni gördük. Əla oyun nümayiş etdirdilər".

"Çili komandası çempionatı tərk edəndə təəssüfləndim. Yaxşı oyun nümayiş etdirdilər, amma Braziliyanı keçə bilmədilər. Kosta-Rikanın onbirmetrlik cərimələr seriyasında məğlub olması isə əsl təəssüf doğuran məqam idi".

"İngilis və ispanların qruplardan çıxa bilməməsi bir qədər təəccüb doğurdu. Çünki onlar hər çempionatda favorit olublar. Fikirləşirdim ki İspaniya daha çox mərhələ keçə biləcək. Hollandiya isə arxada qalacaq. Amma tam əksi oldu".

"Kolumbiyanın futbolçusu Hames Rodriqes hazırda bombardirdir. Amma təəssüf ki, finala çıxa bilmədilər. Çempionatda özünəməxsus yeri olan futbolçulardan oldu və yadda qaldı".

APA TV-də də dünya çempionatının oyunlarını həyəcanla izləyənlər çoxdur. Dünya çempionu kim olacaq sualını həmkarlarımıza da ünvanladıq. Bizdə də Almaniyanın azarkeşi daha çoxdur. Bütün Bakıda Argentinanın çempion olacağına inanan yeganə şəxs isə Nəsimi Nəbizadədir.

Dünya çempionatının ən həyəcanlı anları yaxınlaşmaqdadır və hər kəs öz sevimli komandasının finala çıxmasını və qalib gəlməsini arzulayır. Azarkeşləri sevindirəcək və məyus edəcək gün isə çox uzaqda deyil. Həftə içi yarımfinallar, ayın 13-dən 14-ə keçən gecə isə final oyunu keçiriləcək. Sizlərə, o cümlədən özümüzə bol qollu, yüksək templi, ən əsası isə ədalətli keçəcək oyunlar izləməyi arzulayıram.

 

0