Rauf Əliyev: “Bakı” rəhbərliyi futbolçuların adına kredit götürmüşdü - MÜSAHİBƏ
21.07.2014 - 13:30
Rauf Əliyev: “Bakı” rəhbərliyi futbolçuların adına kredit götürmüşdü - MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Karyeranızla bağlı bir müddət qeyri-müəyyənlik oldu. Amma indi sanki üstünüzdən ağır yük götürülüb...

- Həqiqətən 6 ay çox çətinlik çəkdim. “Bakı”da çıxışım yaxşı alınırdı. Dekabradək hər şey qaydasına idi. Oyun baxımından da ötən mövsümün son 3 ayına qədər vəziyyət normal idi. Sonra müəyyən səbəblərdən hər şey bərbad oldu. Demək olar ki, futbol yaddan çıxmışdı. “Bakı”dakı problemlər məni futboldan uzaqlaşdırmışdı. Bütün bunlardan sonra “Xəzər Lənkəran”a  “ac futbolçu” kimi gəlmişəm. İstəyirəm ki, burda yeni səhifə açam.

 

- “Bakı”da maddi durumunuz hətta o həddə çatmışdı ki, artıq dolanışıq üçün avtomobilinizi satmaq haqqında düşünürdünüz...

- Yox, onlar artıq söz-söhbətlər idi. Elə bir şey ola bilməz. Şükür Allaha, dolana bilirdik.

 

- “Bakı”nın sabiq futbolçusu kimi deyil, bir vətəndaş kimi mövqeyinizi bilmək istərdik: Hafiz Məmmədovun “Lans”, “Atletiko” və “Şeffild Uensdey”ə milyonlar yatırması yaxşı idi, yoxsa “Bakı”ya lazımı maliyyəni ayırıb bu klubu iddialı etməsi?

- Hafiz Məmmədov futbolumuz üçün böyük işlər görürdü. Bildiyim qədərilə müəyyən problemlər ortaya çıxmışdı. Amma onun saydığınız klublara pul yatırması və Azərbaycan adının həmin ölkələrdə səslənməsini dəstəkləyirdim. “Land of Fire Azerbaijan”a görə ölkəmizi tanıyırdılar. Amma “Bakı”dakı maliyyə problemləri bizi sıxırdı. Bu onların öz qərarı idi. İstəməzdim belə olsun. Xarici klublara maliyyət yatırmaq da, “Bakı”nı lazımı səviyyədə saxlamaq da olardı. Belə olsaydı, daha yaxşı idi.

 

- Mətbuatda “Bakı” rəhbərliyinin futbolçuların adına kredit götürməsi haqda məlumatlar yayılmışdı. Bu söhbət nə dərəcədə doğru idi?

- Belə bir şey həqiqətən də olmuşdu. Amma bu, onların öz işləri ilə əlaqədar idi. Bizim orda yalnız adımız gedirdi. Futbolçular banka getməmişdilər. Bankın içində olan şeylərdir.

 

- Bəs sizin adınıza nə qədər pul götürülmüşdü?

- Xəbərim yox idi. Ümumiyyətlə, bu bank daxilində olan məsələ idi.  

 

- Keçək “Xəzər Lənkəran”a. Sizi bu komandada necə qarşıladılar?

- Çox yaxşı. Yerli futbolçuları tanıyıram, millidə bir yerdə oynamışıq. Dediyim kimi, yaxşı qarşıladılar. Mehriban kollektiv var. Baş məşqçi də mənimlə isti münasibətlər qurdu. Bura gəlməzdən öncə telefonla danışmışdıq, mənə məşq proqramları vermişdi.

 

- Baş məşqçilərdən söz düşmüşkən, “Bakı”da Milinko Pantiç, millidə Berti Foqts, “Xəzər Lənkəran”da isə Oğuz Çətinin rəhbərliyi altında məşq edirsiz. Bu 3 mütəxəssisdən hansı xaraktercə futbolçulara daha yaxındır?

- Heç vaxt məşqçiləri ayırmaq istəməmişəm. Hərəsinin öz futbol fəlsəfəsi var. Fərqli-fərqli fikirlərə malikdirlər. Oğuz Çətini 10 gündür tanıyıram. İşləyib görəcəyik ki, necə məşqçidir.

 

- Oğuz Çətin mülayim xarakterli məşqçi təsiri bağışlayır. Bu, çempionatın gedişində komandanın çıxışına təsir edə bilərmi?

- Məşqçinin xarakterini deyə bilmərəm. Onun  gördüyü iş daha vacibdir. Bu günə qədər burda gördüklərim onun futbol adamı olduğunu göstərir. Məncə, işini bilən adamdır. Çempionatda uğur qazana bilərik. Yaxşı komandamız var. Düşündüklərimizi Premyer Liqada həyata keçirməliyik. Çempionata yaxşı başlamaq lazımdı. Əgər startımız yaxşı olsa, ardı da gələcək.

 

- Latviyanın “Yurmala” klubu ilə yoxlama görüşündə qol vurana qədər meydanda passiv idiniz. Adama elə gəlirdi ki, “Xəzər Lənkəran” meydanda 10 nəfərlə qalıb. Təbii ki, bunun səbəbi adaptasiya problemi idi. Rauf Əliyevin yeni komandasına uyğunlaşması üçün nə qədər vaxt lazımdı?

- Mən son 2 ayda futbolsuz, məşqsiz qalmışdım. Komandaya 4-5 gündür qoşulmuşam. Baş məşqçi də bildirmişdi ki, yoxlama oyununda məndən çox şey gözləmir. Oyun baxımından çox problemim var. Demək olar ki, indi 30 faiz hazıram. Çətinliklərim var və bunları aradan qaldırmağa çalışıram. Bu da məşqlərə gec başlamağımdan irəli gəlir. Əsas odur ki, meydana çıxıb qol vurdum. Fiziki problemləri çempionata qədər düzəldəcəyəm. Hələ çempionatın başlamasına  20 gün var.

 

- Komandada hücumçu olaraq Mbilla Etame, Junior Nildo, Ağabala Ramazanov və siz varsınız. Mbilla hələ hazırlığa qoşulmayıb. Çox güman ki, çempionatın startında meydana mütəmadi olaraq siz çıxacaqsınız. İlk oyununuz da AZAL-a qarşıdır...

- Baş məşqçi nə qədər şans versə, komandama kömək etməyə çalışacağam. Heyətdə eyni mövqedə nə qədər çox futbolçu olsa, bu bir o qədər yaxşıdır. Çünki rəqabət artır. Şablon cümlədi, amma rəqabət olan yerdə nəticə olur.

 

- Başqa klubların heyətində dəfələrlə “Xəzər Lənkəran”a qarşı oynamısınız. Razılaşırsınız ki, bu komanda son 5 ildə ən yaxşı heyətə indi malikdir?

- Mətbuatda da bu barədə yazılır. Hamı deyir ki, “Xəzər Lənkəran” yaxşı heyət yığır. Amma deməklə iş bitmir. Biz bunu meydanda və Premyer Liqa oyunlarında göstərməliyik. Çempionluq üçün oynamalıyıq ki, deyilənlər doğru olsun. Məncə, bunu bacara bilərik.

 

- Bu heyəti ilk turda iddiasız AZAL-la oyun gözləyir. Həmin oyunda xal itkisi sensasiya sayılacaqmı?

- Nəsə deməyə çətinlik çəkirəm. Çünki AZAL da dəyişib. Mövsümə yaxşı başlamaq istəyirik. Hazırlaşıb əlimizdən gələni etməliyik. Ondan sonra inanıram ki, hər şey yaxşı olacaq. Azarkeşlər də komandadan küsüb. Uğur qazanıb onları da stadiona qaytarmalıyıq.

 

- “Xəzər Lənkəran”la müqavilənizin müddəti nə qədər olacaq?

- 2 illik.

 

- “Xəzər Lənkəran”a keçərkən “Bakı” sizə bir sıra problemlər yaratdı. Yeni komandanızla 2 illik müqavilə bağlamağa ehtiyat etmədiniz?

- Yox, hər şey yaxşı olacaq. “Xəzər Lənkəran”da həm oynayacağıq, həm də pulumuzu qazanacağıq. “Bakı”da problemlər oldu deyə, karyeramıza kölgə salmayacağıq ki?

 

0