“Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
07.08.2014 - 00:22
“Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə cavab matçını keçirib.

Bir həftə əvvəl Bakıda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri səfər matçında üstünlüyünü qorumağa çalışıb. Bu üzdən də Azərbaycan çempionu Zalsburqda müdafiə futbolu nümayiş etdirib.

42 yaşlı mütəxəssisin müdafiəyə meylli oyun taktikası seçməsində heyətdəki itkilər də rol oynayıb. Topaz Premyer Liqasının ötən mövsümünün ən yaxşı bombardiri Reynaldo və vitse-kapitan Admir Telinin yoxluğunda Ağdam klubu bu taktikanı seçməyə məcbur olub.

Lakin Qurbanovun ilk oyundakı üstünlüyü qorumaqla bağlı planları erkən pozulub. Matçın əvvəlində zədələnən İlqar Qurbanov meydanı tərk edib. Bununla da “Qarabağ”ın müdafiə səddi pozulub.

Hesabın açılması da elə bu zədədən az sonraya təsadüf edib. Sonradan isə Maksim Medvedevin də xəsarət alıb əvəzlənməsi arxa xəttə böyük zərbə vurub.

Bütün bunlar da “Qarabağ”ın uduzması ilə nəticələnib. 0:2 hesabı ilə uduzan çempionumuz qitənin ən nüfuzlu klub turnirində çıxışını dayandırıb. Matçın qəhrəmanı isə Martin Hinteregger olub.

Təmsilçimizin azsaylı hücumlarının qarşısını bacarıqla alan mərkəz müdafiəçisi həm də hər iki qolun müəllifi olub. Ağdamlıların qapıçısı İbrahim Şehiç də matçın qəhrəmanı adına iddia edə bilər. Belə ki, qolkiper “Qarabağ”ın acınacaqlı hesabla uduzmasına əngəl olub. O, dəfələrlə komandasını qoldan xilas etməyə nail ola bilib.

Bu məğlubiyyətlə “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə yuvarlanıb. Ağdamlılar qrup mərhələsinə çıxmaq üçün mübarizəni orada davam etdirəcək.

Qeyd edək ki, oyunu izləyənlər arasında AFFA rəhbərliyi də olub. Assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev də tribunadan Azərbaycan çempionunu dəstəkləyib.

 

 

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

 “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar: 
Martin Hinteregger, 18; 34

Baş hakim: Robert Madden (Şotlandiya)

Zalsburq (Avstriya). “Zalsburq” stadionu

 

“ZALSBURQ”: 31. Peter Qulaç, 4. Peter Ankersen, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 10. Sadio Mane, 13. Stefan İlsanker, 24. Kristof Leytqeb, 44. Kevin Kampl, 27. Conatan Soriano, 27. Alan.

Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants Şyemer, 8. Nabi Keyta, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 7. Marsel Zabitser, 44. Nils Kaşner.

Baş məşqçi: Adolf Hütter.

 

QARABAĞ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Vüqar Nadirov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 70. Çumbinyo, 7. Namiq Yusifov, 77. Cavid Tağıyev.

Baş məşqçi: Qurban Qurbanov.

 

Artıq AFFA rəhbərliyi də stadiona təşrif buyurub. Assosiasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev də tribunada öz yerlərini tutublar.

 

Hər iki komanda oyun öncəsi isinmə hərəkətlərinə başladı.

Matçın başlamasına dəqiqələr qaldı. "Zalsburq" "ağ-qırmızı", "Qarabağ" isə "qara" formada oynayacaq.

Komandalar meydana çıxır.

Qarşılaşma başladı. Uğurlar "Qarabağ"! 

Topa ilk zərbəni çempionumuz vurur.

"Zalsburq"un mərkəzdən təşkil etdiyi ilk təhlükəli hücumunun qarşısını Şehiç alır.

Meydan sahibləri erkən qol vurmağa çalışırlar. Hələlik "Qarabağ" müdafiədə etibarlı oyun göstərirlər.

Almeyda Ankersona qarşı kobud oynayır.

"Qarabağ"ın ilk hücumu. Aqollinin qapı qarşısına ötürməsinə  Leroy vaxtında çata bilmədi.

İlqar Qurbanova qarşı kobudluq edilir. Tibbi personal futbolçuya yardım etmək üçün meydana çıxır. Deyəsən, İlqar xəsarət alır.

Komandamız ilk künc zərbəsi vuracaq. Diasın yerinə yetirdiyi kornerdən sonra Maksimin başla qapıya zərbəsini Qulaç çətinlik çəkmədən tutur.

Hesab açıldı

"Zalsburq" önə çıxır. 18-ci dəqiqədə künc zərbəsindən sonra Martin Hinteregger başla topu tora göndərir.

"Qarabağ"da məcburi əvəzetmə. Zədələnən İlqar Qurbanovun yerinə meydana  Namiz Yusifov çıxır.

Sorianonun uzaqdan qüvvətli zərbəsi qapının üstündən keçir.

Vüqar Nadirov hesabda tarazlıq gətirə bilərdi. Amma o, qolkiperlə təkbətək vəziyyətdə qapıya dəqiq zərbə vura bilmədi.

Soriano Rəşada qarşı kobud oynayır.

Ulmerin zərbəsi qeyr-dəqiq alındı.

Oyunda ilk sarı vərəqə. Maksim Manenin əllə saxladığına görə cəzalandılır.

Meydan sahiblərindən ikinci qol. Martin Hinteregger 34-cü dəqiqədə Şehiçdən qayıdan zərbəni tora qovuşdurmaqla, dublunu rəsmiləşdirir.

Rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün Dias da önündə sarı vərəqə görür. Meydan sahiubləri təhlükəli nöqtədən cərimə zərbəsi vuracaq.

Sorianon Rəşadla ikili mübarəzədən qalib ayrılıb, qapıya başla zərbəsi dəqiq alınmır. 

Alan fərqi artıra bilərdi. Amma onun cərimə meydançası daxilində qapıya zərbəsində azacıq dəqiqlik çatmadı.

İlk yarı başa çatdı. "Zalsburq" fasiləyə iki top üstünlüyü ilə yollanır.

İkinci hissə başladı.

Almeyda meydanın mərkəzində əllə oynayır. 

Cərimə meydançası daxilində Şehiçlə Bədavi toqquşur.

Aqolli uzun ötürmə ilə cərimə meydançasında olan Leroya əla ötürmə verir. Amma hakim ofsayd qeydə alır. 

"Qarabağ"da növbəti oyunçu dəyişikliyi.  Çumbinyo meydana çıxmağa hazırlaşır. O, Diası əvəzləyir.

Rəqiblə toqquşmada zədələnən Maksim yerdə qalsa da, meydan sahibləri oyunu saxlamaq istəmirlər. Tibbi personal Medvedevə yardım göstərmək üçün meydanının kənarına  çıxarırlar.

"Zalsburq" daha bir təhlükəli vəziyyət yaradır. Amma Soriano yaxın məsafədən qapıya düşə bilmir.

Maksim oyunu davam etdirə bilmir. Onu Tərlan Quliyev əvəzləyir.

Kampl 2 futbolçumuz keçib qapıya zərbə vurur. Şehiç topu kornerə çıxarır.

Soriano qol şansını qaçırır. O, təkbətək qaldığı epizodda topu Şehiçin düz üstünə vurur.

Stefan İlsanker Nabi ilə əvəzlənir.

"Qarabağ" rəqibini əks-hücumda yaxlayır. Çumbinyo bir futbolçunu keçib, qapıya zərbə vursa da, top qapıdan aralı keçir.

Kobud oyuna görə Tərlan da sarı vərəqə ilə cəzalandırılır.

Çumbinyo cərimə meydançası xətti yaxınlığında Leytqebə qarşı kobud oynayır. 

Alanın cərimə zərbəsindən birbaşa qapıya vurduğu topu Şehiç kornerə çıxardı.

Kempl Nils Kaşnerlə əvəzlənir.

Namiq Yusifov Maneni kobudluqla saxlayır.

Baş hakim əsas vaxta 4 dəqiqə əlavə edir.

Oyun başa çatdı. 0:2 hesabı ilə uduzan "Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı.

 

0