Qurban Qurbanovdan bütün məşqçiləri qıcıqlandıracaq unikal STATİSTİKA
21.08.2014 - 09:13
Qurban Qurbanovdan bütün məşqçiləri qıcıqlandıracaq unikal STATİSTİKA

Avropa Liqasının “Tvente” (Hollandiya) ilə pley-off mərhələsinin ilk oyunu “Qarabağ” üçün yubileylərlə zəngin olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi tarixində 250-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında meydana çıxacaq.

 

Eyni klubda bu qədər duruş gətirmək dünyanın istənilən baş məşqçisi üçün fəxr edilə biləcək nailiyyətdi.

 

2008-ci ilin yayında “Qarabağ”ın “sükanı arxasına” keçən Qurbanov komandasını 6 il ərzində 192 çempionat, 25 kubok, 4 Çempionlar Liqası, 28 Avropa Liqası oyununda postunda olub.

 

Qurbanovun rəhbərliyi altında arxada qalan 249 matçda “Qarabağ” 126 qələbə qazanıb, 72 heç-heçə edib və 51 dəfə məğlub olub. Bu matçlarda mütəxəssisin yetirmələri top fərqində də öndədi – 326:189.

 

Əslində, bu yubiley Qurbanovun futbolçu karyerasını başa vurduğu “İnter”lə matça təsadüf etməli idi. Amma onun daha çox nailiyyət qazandığı, baş məşqçi karyerasını başladığı “Neftçi” ilə Superkubok matçı təxirə salındığından yubiley təxirə salındı.

 

Bu qarşılaşma daha 3 yubileylə tarixə düşə bilər. Bunların gerçəkləşməsi üçün isə “Qarabağ” mütləq qol vurmalıdı.

 

Birincisi, Ağdam təmsilçisi “Tvente”nin qapısına yol tapsa, ilk belə qol “Qarabağ”ın avrokuboklarda rəqib qapılarından keçirdiyi 50-ci top olacaq. Bununla, komanda Azərbaycanda 100-ü yarılayan ilk klub kimi tarixə düşəcək.

 

İkincisi, “Qarabağ” indiyədək qələbə qazana bilmədiyi pley-off mərhələsində sindromu qırsa, ağdamlılar avrokuboklarda 20-ci zəfərini bayram edəcəklər. Bu isə Azərbaycan klubları arasında mütləq rekorddu.

 

Üçüncüsü, qələbə həm də Qurbanovun avrokuboklarda 20-ci qələbəsi olacaq. İlk dəfə “Neftçi”də bu sevinci yaşayan çalışdırıcı qitə miqyaslı turnirlərdə bu rəqəmə çatan ilk azərbaycanlı mütəxəssis kimi tarixə düşəcək.

 

0