Rumıniyalı futbolçu “Qarabağ”dan imtina etdi - SƏBƏB
17.01.2025 - 12:21
Rumıniyalı futbolçu “Qarabağ”dan imtina etdi - SƏBƏB

Daha öncə xəbər verdiyimiz kimi, “Qarabağ” rumıniyalı hücumçu Yanis Stoyka ilə yaxından maraqlanırdı.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bu transfer baş tutmayacaq.

Belə ki, futbolçu Ağdam klubuna keçməkdən imtina edib. O, həmçinin Kiyev və Buxarest “Dinamo”larının da təkliflərini geri çevirib.

Yaxın günlərdə Stoyka ilə MLS təmsilçilərinin maraqlandığı bildirilsə də, vinger həmin klublara da müsbət cavab verməyib.

Yanis hazırkı komandası “Hermanştadt”da qalmağı planlaşdırır. Buna səbəb isə yayda baş tutacaq 21 yaşadək futbolçular arasında Avropa çempionatıdır. 

Milli komandanın üzvü olan Stoyka yığmadakı mövqeyini itirmək istəmir. O, Rumıniya seçməsi ilə Avropa çempionatında iştirak etmək niyyətindədir. Yanis hazırkı komandasından ayrılmasa, bunun daha real olacağını düşünür.

Rumıniya millisi AVRO-2025-də A qrupunda qərarlaşıb. Komanda İspaniya, İtaliya və ev sahibi Slovakiya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir 11-28 iyunda Slovakiyanın 8 fərqli şəhərində keçiriləcək.

0