Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
17.01.2025 - 18:45
Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"

Uzun illər Azərbaycanda oynamış Adrian Skarlatake apasport.az saytına müsahibə verib. Hazırda Rumıniyada “Konkordiya Çiayna” klubunda məşqçi kimi çalışan Skarlatake Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB oyunu haqda danışıb.

- FKSB Avropa Liqasının liqa yolunun 7-ci turunda "Qarabağ"la qarşılaşacaq. Rumıniyada bu matç haqqında nə danışırlar? Gözləntilər nədir?

- “Qarabağ” haqda ancaq yaxşı fikirlər var. Rumıniyada insanlar “Qarabağ”ın yaxşı komanda olduğunu və görüşün çətin olacağını danışırlar. Burada “Qarabağ”a hörmətlə yanaşırlar. Bəzi jurnalistlər mənə “Qarabağ”la bağlı suallar verdilər, onlara da Azərbaycan çempionun yaxşı komanda olduğunu dedim. 

- Ümumiyyətlə, necə düşünürsünüz, FKSB Bakıda “Qarabağ”ı məğlub edə bilər? Rumıniya klubunu “Qarabağ”dan güclü hesab edirsiniz?
- FKSB yaxşı komandadır. Məncə, şanslar 50/50-dir. Amma "Qarabağ" üçün bir müsbət cəhət var ki, rəqibin ən yaxşı oyunçularından bəziləri zədəlidir. Həmçinin də kapitan. “Qarabağ”ın yaxşı şansı var. Görək necə olacaq.

- Bəs, “Qarabağ” haqda nə düşünürsünüz? Sizcə, onlar bu mövsüm güclü performans göstərirlər?
- “Qarabağ” əksər oyunları yaxşı keçirib. “Qarabağ”ın oyun üslubunu, hücum futbolunu bəyənirəm. Çoxlu qol epizodları yaradırlar. Şübhəsiz ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Həm də Avropada yaxşı təəssürat yaratdılar. Ona görə də, hörmətə layiq komandadır.

- “Qarabağ” – FKSB matçı üçün proqnozunuz necədir? 
- Oyunla bağlı təxmin irəli sürmək çox çətindir. Çünki FKSB-da tam heyət olmayacaq. Onların zədəli futbolçuları çoxdur. Buna baxmayaraq, komandaların eyni səviyyədə olduqlarını düşünürəm. FKSB və “Qarabağ” bərabərsəviyyəli komandalardır.

- FKSB Avropa Liqasının turnir cədvəlində 10-cu, “Qarabağ” 33-cü pillədədir. Sizcə, bu göstəricilər ədalətlidir?
- Şübhəsiz ki, FKSB turnir cədvəlində bu yerdə olmağa layiqdir. Komanda Avropada uğurla çıxış edir. Məncə, “Qarabağ” daha yaxşı mövqeyə layiqdir. Onlar da yaxşı oynadılar, amma bəxtləri gətirmədi. Bir çox matçlarda belə oldu.

- “Qarabağ” əsas hücumçusu Juninyonu "Flamenqo"ya satdı. Bu haqda fikriniz necədir?
- Təbii ki, “Qarabağ” üçün böyük itkidir. Juninyo əhəmiyyətli oyunçu idi. Amma əminəm ki, onlar daha yaxşı hücumçu tapacaqlar. 

- "Qarabağ" FKSB-ni məğlub etsə, yəqin ki, klubun prezidenti Georgi Bekali çox üzüləcək. Oyun öncəsi iddialı açıqlamalar verir...
- Bəli, şübhəsiz ki, üzüləcək. O, vulkan kimi oğlandır (gülür). FKSB oyunu uduzduqdan sonra həmişə TV-də canlı yayıma çıxır və oyunun təhlilini aparır. Yəni FKSB-yə bağlılığı yüksək səviyyədədir.

0