Misli Premyer Liqasının XIX turunun “Qarabağ” - “Şamaxı” matçından (3:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Amma yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu təsir etdi. Sezonun sonuna qədər maraqlı oyunlar olacaq".
- Yeni oyunçuların cəlb olunması Premyer Liqada qalmaq üçün atılan addım idi?
- Komandadan 8 futbolçu ayrıldı. Onların yerlərini doldurmalıydıq. Qışa qədər bilirdik ki, bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, 4 əcnəbi gətirdik. Cəlal oynadı, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik. Olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq.
- Transfer pəncərəsində aktiv komanda idiz. Sizcə, gələn futbolçular nə vaxta tam hazır olacaq?
- Hazır olanlar da var. Sifariş olan Alfonso hazır idi. Amma sənədləri oyuna qədər çatdıra bilmədik. Vladislav Veremeyev də hazırdır. Andrey Tirkovenu daha yaxşı olacaq. İki turdan sonra zədə olmasa, tam formaya düşəcəklər.
- Son iki oyundur ki, "Qarabağ"a çətinlik yaradırsız. Bu komandanı məğlub etmək istəyirsiz deyə belədir? Sirri tapmısız?
- Sirri tapsaq, xal alardıq (gülür). Futbolçularım inamlıdır. "Şamaxı"dan xal ala bilərdik. Qol da vurmuşduq. Bu gün də hesabda önə keçə bilərdik, 2:2-də də vura bilərdik. Futbolçulardan tələbimiz hücumda və müdafiədə yaxşı oynamalarıdır. Çempionatda 2 komanda var ki, xal ala bilməmişik. Biri "Qarabağ"dır. Yəqin ki, son oyuna qaldı. "Qarabağ"a qarşı oynamaq əlavə motivasiyadır. İstəyimizə çata bilmədik. Demək ki, daha da çalışmaq lazımdır.