"Təyyarəçilər" konqolu futbolçunu tibbi müayinəyə göndərdi - FOTO
23.08.2014 - 10:47
"Təyyarəçilər" konqolu futbolçunu tibbi müayinəyə göndərdi - FOTO

“Artıq heyətimizə qatmaq istədiyimiz konqolu futbolçu Bakıdadır. O, hazırda tibbi müayinədən keçir”. Bunu apasport.az saytına AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.

 

AZAL heyətini daha bir futbolçu ilə gücləndirir. Baş məşqçi Tərlan Əhmədovun yolunu gözlədiyi hücumçu isə konqolu Freddi Mombonqo-Duesdir. Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada doğulsa da, afrikalı oyunçu peşəkar karyerasını 2007-ci ildən Belçikada keçirib. “Standard”, “Eypen” və “Mons”da çıxış etmiş Freddi 2012-ci ildən “Antverpen”in şərəfini qoruyurdu. Futbolçu AZAL-a sərbəst futbolçu kimi gəlib.

 

Hüseynovun sözlərinə görə, avqustun 30-da 29 yaşını tamamlayacaq hücumçu ilə 2 illik müqavilə bağlanılacaq: “Tibbi müayinədən sonrakı nəticələri bilindikdən sonra futbolçu ilə münasibətlər rəsmiləşdiriləcək. Böyük ehtimalla, bazar ertəsi bu futbolçu ilə 2 illik müqavilə bağlayacağıq. Bu, bizim yay “transfer pəncərəsi” dönəmində son transferimiz olacaq”.

 

Qeyd edək ki, buna qədər AZAL-ın yeganə hücumçusu kolumbiyalı Con Kordoba idi. Hər iki qaradərili futbolçu bundan sonra “təyyarəçilər”in irəlidə qol ümidi olacaq.

 

Səbuhi TOFİQOĞLU

0