Draqan Çeran: Bəyəm, hakim serb dilində başa düşürdü? - MÜSAHİBƏ
26.08.2014 - 13:45
Draqan Çeran: Bəyəm, hakim serb dilində başa düşürdü? - MÜSAHİBƏ

“Simurq”un serbiyalı hücumçusu Draqan Çeranın apasport.az saytına müsahibəsi

 

- İntizam Komitəsi sizi Premyer Liqanın ötən turunda qırmızı vərəqə aldığınız üçün 4 oyunluq cəzalandırıb. Üstəlik, klubunuza 4 min manat para cəzası kəsilib...

- 4 oyun çox ağır cəzadır. Mənim üçün gözlənilməz oldu. İnanılmazdır.

 

- Bu qərar sizin baş hakim Elvin Əsgərovu söydüyünüzə görə qəbul edilib. Doğrudanmı, siz onu təhqir etmisiniz?

- Əlbəttə ki, bu belə deyil. Mən heç bir söyüş işlətməmişəm. Bəyəm, hakim serb dilində başa düşür?

 

- Bir dəqiqə. Belə çıxır ki, siz ona serb dilində nəsə demisiniz...

- Yox, birincisi, mən ona heç nə deməmişəm. İkincisi də ki, mənim bildiyim dil serb və ingilis dilləridir. Mən serb dilində özümü günahlandırırdım ki, niyə hesabda 2:0 öndə olduğumuz halda künc zərbəsinin yaxınlığında vaxt uzadırdım. Məhz bundan sonra bizim əleyhimizə yanlış aut qərarı çıxarıldı. O da serb dilində başa düşmədiyindən, bunu söyüş kimi qiymətləndirib.

 

- İkinci mövsümdür ki, “Simurq”da çıxış edirsiniz. Ötən mövsüm sizin “Qarabağ”a vurduğunuz qol sonradan silinərək Bədəvi Hüseynovun ayağına yazıldı. İndi də belə. Düşünmürsünüz ki, sizə qarşı haqsızlıq olur?

- Kimlərsə mənim əleyhimədir. Amma bilmirəm niyə? Bu, birinci hal deyil. Məni geriyə itələyirlər.

 

- Bu dəqiqələrdə klubdaxili toplantı keçirilir. Ola bilsin ki, “Simurq” cəzanızın azaldılması üçün Ekspert və Apellyasiya Komitəsinə müraciət etsin...

- Doğrudan? Belə olarsa, çox sevinərəm. Onların yuxarı instansiyaya müraciət etməsi lazımdır.

 

- “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”la oyunları hələ ki buraxacağınız dəqiqdir. Bunlardan hansında daha çox meydanda olmaq istərdiniz?

- Hamısında. Mənim üçün hər oyun önəmlidir. Hər oyuna eyni cür köklənirəm. Çempionat matçlarına fərq qoymuram.

 

- “Xəzər Lənkəran”la matçda 2:0 hesabı ilə inamlı qələbə qazandınız. Qollardan birinin müəllifi də siz oldunuz. Güclü rəqibinizə qalib gələcəyiniz gözlənilməz olmadı?

- Bilirdik ki, çətin oyun olacaq. Müdafiə və hücum xəttində çox tər tökəcəkdik. Bir sözlə, nə istədiyimizi bilirdik. Ona görə də kollektiv halında mübarizə apardıq və böyük qələbə qazandıq... Çox yaxşı azarkeşlərimiz var və onların nəfəsini arxamızda hiss edirdik. Məhz onların dəstəyi sayəsində bu qələbə gəldi.

 

- Avroliqanın pley-off mərhələsinin ilk matçı olan “Partizan” – “Neftçi” oyununa baxdınız?

- Bəli. Televiziya vasitəsilə.

 

- Yəqin ki, yeni komanda yoldaşınız Marko Stanoyeviç də sizinlə birgə baxırdı...

- Elədir ki, var.

 

- Stanoyeviç oyundan öncə Serbiya mətbuatına müsahibəsində “Srvena Zvezda”lı olsa da, o və sizin “Partizan”a “Neftçi” haqqında kömək edəcəyini bildirmişdi. Azərbaycanda oynayan birinin belə bir açıqlama verməsi nə dərəcədə doğrudur?

- Öz adımdan deyə bilərəm ki, mən 3 ildir ki, Serbiyada çıxış etmirəm. 2012-ci ildən İsrail və Azərbaycanda legioner karyerası yaşayıram. Ona görə də “Partizan”dan heç kimi tanımıram. Amma ola bilsin ki, orda sözlər səhv başa düşülüb. Stanoyeviç yəqin ki, elə demək istəməyib...

 

- Necə düşünürsünüz, hansı komanda Avroliqanın qrup mərhələsinə düşə biləcək?

- Dəqiq bir söz deyə bilmərəm. Hazırda “Partizan” favoritdir. Ancaq “Neftçi” cavab oyununu Bakıda keçirəcəyindən, bu üstünlüyündən yararlanmağa çalışacaq. Kimin qrupda oynayacağını zaman göstərəcək.

 

Səbuhi TOFİQOĞLU

 

 

 

 

 

0