“Simurq” Çexiya kubokunun qalibini sıralarına qatır
27.08.2014 - 09:32
“Simurq” Çexiya kubokunun qalibini sıralarına qatır

“Simurq” bu gün son transferini reallaşdıracaq. Apasport.az saytının klubun mətbuat xidmətindən əldə etdiyi xəbərə görə, Zaqatala təmsilçisi çexiyalı hücumçu Lukaş Trjeşnyakla müqavilə bağlayacaq.

 

26 yaşlı futbolçu artıq Zaqatalaya da gəlib. Bu futbolçu “Simurq”un Sloveniya düşərgəsində də iştirak edib. Trjeşnyakın “Simurq”un düşərgəsinə gəldiyini də məhz ilk olaraq saytımız yaymışdı. O, Zaqreb “Lokomotiva”sı ilə 3:3 hesabı ilə başa çatan görüşdə 1 qol vurmağı da bacarıb. Çexiyalı ilə sonradan artırılmaq şərtiylə 1 illik müqavilə bağlanılacağı gözlənilir.

 

Peşəkar karyerasına 2010/11 mövsümündə Praqa “Sparta”sında başlayan Trjeşnyak əvvəl ölkəsinin “Baumit” klubunda icarə əsasında çıxış edib. Burda 12 oyuna 3 qol vurduqdan sonra Yablonets təmsilçisinə birdəfəlik keçib. Lukaş 2012/13 mövsümündə Çexiya kubokunun qalibi olub.

 

Qeyd edək ki, “Simurq”da buna qədər cəmi 2 hücumçu vardı. Bunlar Oruc Balaşlı və Draqan Çeran idi. Serbiyalı hücumçunun 4 oyunluq cəzalanmasından sonra irəli xətdə yeni oyunçuya ehtiyac vardı. 

0