Yeni Olimpiya rekordumuz: 5 qızıl, 6 gümüş, 1 bürünc medal - YENİLƏNİB
27.08.2014 - 15:40
Yeni Olimpiya rekordumuz: 5 qızıl, 6 gümüş, 1 bürünc medal - YENİLƏNİB

Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan millisi çıxışını başa vurub.  Apasport.az saytının məlumatına görə, aktivində 9 medal olan yığmamız son yarış günündə daha 3 qızıl medal qazanaraq, onların sayını 12-yə çatdırıb.

 

 

 

Sərbəst güləş

63 kq

Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, 1 xal belə itirmədən finala yüksəlib. Həlledici görüşdə də rəqibinə heç bir şans verməyən Teymur Olimpiya çempionu olub.

1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (Gürcüstan) - 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (CAR) - Teymur Məmmədov - 0:10
3-cü dövrə - Ceyms Didasko (Palav) - Teymur Məmmədov - 0:12

FİNAL - Teymur Məmmədov - Antoni Montero (Venesuela) - 7:0

 

100 kq

İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksisa, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. O, son görüşündə də inamlı təsir bağışlayaraq, yığmamıza daha bir qızıl medal qazandırıb.

1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (Braziliya) - 11:0
2-ci dövrə - Eduardo Qarsia (Meksika) - İqbal Hacızadə - 0:10
3-cü dövrə - Abdalla Elgizavi (Misir) - İqbal Hacızadə - 0:5

FİNAL - İqbal Hacızadə - Dmitri Ceakusta (Moldova) – 5:1

 

Boks

49 kq

İlk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Rüfət Hüseynov bu gün final görüşünə çıxıb. Onun rəqibi özbəkistanlı Sulaymon Latipov olub. Boksçumuz inamlı çıxış sayəsində, hər 3 raundu üstün bitirib. Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov komandamızın qızıl medallarının sayını artırıb.

 

Beləliklə, 11 gün davam edən gərgin mübarizədən sonra Olimpiadaya 21 nəfərlik heyətlə qatılan millimiz 5 qızıl, 6 gümüş və 1 bürünc medalla vətənə dönəcək. Bu isə komandamız üçün yeni rekorddur. Çünki yığmamız Sinqapur-2010-da 5 qızıl və 3 gümüş medala sevinmişdi.

 

Qeyd edək ki, daha öncə millimizə İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.

0