Böyükağa Hacıyev: “Partizan”la oyun reytinqimizi yüksəldə də, yerə də vura bilər
27.08.2014 - 19:01
Böyükağa Hacıyev: “Partizan”la oyun reytinqimizi yüksəldə də, yerə də vura bilər


“Sabah “Neftçi” tarixində ikinci dəfə ən vacib oyununa çıxacaq. Əvvəl belə bir oyun APOEL-ə qarşı olmuşdu. O vaxt biz Allahın köməkliyi ilə sizin qarşınızda peşman olmamışdıq”. Apasport.saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Bu gün Hacıyev Avroliqanın pley-off mərhələsinin “Partizan”la cavab matçı öncəsi mətbuat konfransı keçirib. O, qarşılaşma haqqında bunları deyib: “Partizan” çox komplektləşmiş komandadır. Mətbuatda “Partizan”ın maliyyə problemində batdığı deyilirdi. Amma bura çarter reysi ilə gəlməsi bundan xəbər vermir. Rəqib bizi qorxutmur. İlk matçda özümüz “Partizan”a oyunu hədiyyə etdik. Fərdi səhvlər üzündən uduzduq. Orda 2 topu rəqibə, 2-ni də öz qapımıza vurduq. Amma sabah Karlos Kardoso da bizimlə birgə olacaq. 1:0 və 2:1 minimal hesabları ilə qələbə qazansaq, biz qrupda olacağıq. Sabah azarkeşlərimizdən çox şey gözləyirəm. İnanıram ki, onlar “Neftçi”yə böyük dəstək verəcək”.

İlk oyunda müdafiənin solunda Bruno Bertuççinin irəli gedərək mövqeyini boş qoyması ilə bağlı suala Hacıyev belə cavab verib: “Kimlər ki, cinahları boş qoyubsa, sabah bunun əksini görəcəksiniz. Hər an rəqibi analiz edəndə onlardakı boşluqları axtarırıq. Biz onların öz cərimə meydançalarında hava və yerlə vurulan toplarda zəif olduğunu bilirdik. Ona görə Denis Silva 2 qol vurdu. Biz Serbiyadan qayıdanda onların bizə qarşı matçını izlədim. Onlarda yetərincə boşluq görmüşəm. Saşa həmin matçda bir qədər inamlı olsaydı, hesab belə olmayacaqdı. Yerli publika onun oyununa təsir etdi. Hər şey dərinliyinə kimi təhlil olunub. Bu gün axşam məşqindən sonra yenə “Partizan”ı bir də analiz edib səhvləri futbolçuların özlərinə deyəcəyik. 2:0-dan sonra bizim qol vurmaq üçün şanslarımız vardı. Amma vura bilmədik”.

Təcrübəli mütəxəssis sabahkı oyunda taktiki baxımdan dəyişikliklərin ola biləcəyini də istisna etməyib: “Azərbaycan çempionatı bir başqa, Avropa başqadır. Bizim avrokuboklarda az da olsa təcrübəmiz var. Futbolçuların və məşqçilərin reytinqi bu oyundan çox asılıdır. Biz bu reytinqi yüksəldə də, yerə də vura bilərik. Taktikanı açıqlamıram. Amma kim zəmanət verə bilər ki, biz 2 hücumçu ilə meydana çıxmayacağıq. Yeni taktika ilə çıxmağa çalışacağıq. Ernest Nfor da, Nikolas Kanales də oyuna hazırdır. Ola bilər ki, Nfor yenə oynayar, Kanales gözləyər. “Çixura” ilə matçda gördüyünüz kimi, Nfordan hər şey gözləmək olar. Müdafiəçilərimiz Denis Silva və Karlos Kardoso da qol vurmağı bacarır”.

Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu saat 21:00-da başlayacaq. Görüşü avstriyalı hakim Robert Şörgenhofer idarə edəcək.

Səbuhi TOFİQOĞLU

 

 

0