Qurban Qurbanov: Bu günü çox gözləyirdik - MÜSAHİBƏ
29.08.2014 - 11:45
Qurban Qurbanov: Bu günü çox gözləyirdik - MÜSAHİBƏ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Sizi Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığınız üçün təbrik edirik. Hisslərinizi bizimlə bölüşməyinizi istərdik.

- Həmişə Avroliqanın bu mərhələsinə - pley-offa kimi gəlib çıxsaq da, sonda istəyimizə çata bilmirdik. Şükürlər olsun ki, bir neçə ildən sonra buna nail olduq. Bu günü çox gözləyirdik. Nəhayət, istədiyimiz oldu. Bu, bizim işimizdir. Çalışırıq ki, hər bir turnirdə yaxşı nəticə əldə edək. Qrupa düşməyimizdə hər bir futbolçunun, məşqçinin, klub rəhbərliyinin rolu oldu. Bu uğuru qrup mərhələsində də davam etdirib, xalqımızı yenə sevindirəcəyik.

 

- Əvvəllər daha çox yerli futbolçularla çıxış edib pley-off mərhələsində dayanırdınız. İndi isə səviyyəli əcnəbi oyunçularınız var. Birmənalı şəkildə demək olarmı ki, qrupa düşməyinizdə bilavasitə onların böyük rolu var?

- Yox, belə deməzdim. Bu, əvvəl bizdə çıxış edən yerli oyunçulara haqsızlıq olar. Düşünürəm ki, bu uğurun qazanılmasında bütün kollektivin rolu var. Əvvəllər bizdə Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov kimi yerli oyunçular çıxış edirdi. Sadəcə, bəxtsizlikdən qrupa düşməyimiz mümkün olmurdu. Deməli, qismət bu günə imiş.

 

- “Tvente” ilə cavab oyununda 0:1 hesabı geridə olan vaxt Avroliqanın əldən getdiyi ilə bağlı düşüncələriniz vardımı, yoxsa bərabərlik qolunu vuracağınıza inanırdınız?

- Belə oyunlar vaxtı fikirlər həmişə müxtəlif olur. Hər iki tərəfli düşüncələr adamda istər-istəməz yaranır. Amma ümumilikdə komandama inanırdım. Çünki onda hələ oyunun bitməsinə çox vaxtımız vardı. Bu üzdən komandanın qol vura biləcəyi hissi məndə vardı.

 

- Sizə artıq AFFA-dan zəng edib təbrik edən olub?

- AFFA-nın baş katibi Elxan Məmmədov mənə artıq zəng edib. O, AFFA prezidenti Rövnəq Abdullayevin adından öz təbriklərini çatdırdı.

 

- “Transfer pəncərəsi”nin bitməsinə cəmi 2 gün qalıb. Avroliqanın qrupunda daha yaxşı çıxış etmək üçün heyətinizə yeni oyunçu qatmağı düşünürsüzmü?

- İstərdim ki, daha bir oyunçu ilə güclənək. Amma hazırda elə bir futbolçu siyahımızda yoxdur. Çətin ki, 2 gün ərzində bu transferi reallaşdıra bilək.

 

- Belə bir imkanınız olsaydı, hansı mövqeyə futbolçu almaq istərdiniz?

- Daha bir hücumçu alsaydıq, pis olmazdı. Bundan başqa, yaxşı mərkəz yarımmüdafiəçisi istəyərdim.

 

- Saat 16:00-da Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi olacaq. Hansı ölkələrin təmsilçiləri ilə düşməyinizi istərdiniz?

- Qismətimizdə nə varsa, o komandalar da düşəcək. İndidən konkret hansısa komanda ilə düşmək istədiyimizi deyə bilmərəm. Sadəcə, istərdik ki, adlı-sanlı klubları Bakıya gətirməklə azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşadaq.

 

- “Zalsburq” və “Partizan” klubları sizinlə bir qrupda yer ala bilər. Qisas almaq baxımından, bu iki komanda ilə düşmək istərdinizmi?

- Heç vaxt bu komandalarla qarşılaşmaq istəməzdim. Fikrimcə, yaxşı olardı ki, heç vaxt oynamadığımız komandalarla bir qrupda yer alaq.

 

Səbuhi TOFİQOĞLU     

0