"Baku Yunayted" UEFA kubokunun əsas mərhələsində
01.09.2014 - 12:46
"Baku Yunayted" UEFA kubokunun əsas mərhələsində

Futzal üzrə UEFA kubokunda ilkin mərhələ başa çatıb. Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan İngiltərə çempionu "Baku Yunayted" Bosniya və Herseqovinada çıxış edib.

 

İlk iki oyunda ciddi müqavimətə rast gəlməyən Böyük Britaniya təmsilçisi Cəbəllütariqin “Skorpions” və İsveçin “Malmo” klublarının hərəsini 10 cavabsız qolla məyus edib. İngiltərəlilər son turda itkisiz irəliləyən digər komanda – “Sarayevo” ilə qarşılaşıb.

 

Daha yaxşı top fərqinə malik “Baku Yunayted”i son görüşdə heç-heçə edə qane edirdi. Lakin ispaniyalı mütəxəssis Çema Ximenesin yetirmələri son oyunda da 6:3 hesabı ilə qalib gələrək UEFA Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

İngiltərə çempionu son qələbəsini çətinliklə əldə edib. Meydan sahibləri çılğın azarkeşlərin dəstəyi ilə ilk dəqiqələrdən irəli atılaraq 2 qol vurmağa müvəffəq olub. "Baku Yunayted" bu qollardan birinin əvəzini çıxsa da, Bosniya və Herseqovina çempionu top fərqini yenidən 2-yə çatdırıb. Lakin ilk hissənin son dəqiqələrində Ximenesin yetirmələri yenidən fərqi minimuma endirib. İkinci hissədə daha 4 qol vuran britaniyalılar əzmkar qələbə ilə qrup qalibi olub.

 

Əsas mərhələdə ingiltərəliləri daha çətin sınaq gözləyir. Belə ki, komanda 5-ci qrupda Serbiyanın "Ekonomak", İtaliyanın "Luparense" və Yunanıstanın "Afina 90" klubları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları sentyabrın 30-da start götürəcək.

 

Qeyd edək ki, ötən mövsüm "Baku Yunayted" UEFA kubokunun əsas mərhələsinə çıxan ilk İngiltərə komandası kimi tarixə düşmüşdü. Bu dəfə isə komanda uğurunu təkrarlayıb.

 

0