“Azərbaycan yığmasına keçidim alınmasa, karyeramı başa vuracam” - MÜSAHİBƏ
16.09.2014 - 10:27
“Azərbaycan yığmasına keçidim alınmasa, karyeramı başa vuracam” - MÜSAHİBƏ

Olimpiya Oyunlarının 4 qat mükafatçısı İnna Osipenko-Radomskaya Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı ukraynalı avarçəkən Azərbaycan yığmasını seçməsinə, milliləşməsinin rəsmiləşəcəyi tarixə aydınlıq gətirib.

 

- Siz Ukraynanın ən titullu idmançılarından sayılırsız. Afina-2004-də 1 bürünc, Pekin-2008-də 1 qızıl və London-2012-də 2 gümüş medal qazanmısız. Belə uğurlar qazandığınız millidən getməyinizə nə səbəb oldu?

- Elə an yarandı ki, mən vətənpərvərliyi kənara qoydum. Özümün və ailəmin gələcəyini düşünməli idim. Bu ilin yanvarından maliyyə dəstəyi almırdıq. Söhbət yarışlara hazırlıq üçün ayrılan məbləğdən gedir. Bizim idman növündə isə daima məşq etməlisən. Toplanışlar zamanı qidalanma üçün də pul verilmirdi. Nazirlikdən maliyyə vəsaitinin olmadığını deyir, məsələnin tezliklə həll olunduğunu bildirirdilər. Düzdür, sonradan qəpik-quruş verildiyindən xəbərim var. Lakin mən qərarımdan dönən deyiləm. Vaxtlar olub ki, borc edib, məşq etmişik. Digər idman növlərində isə vəziyyət daha yaxşı idi. Onlar pul verirdilər. Axırda səbrim tükəndi. Çünki məni aldadırdılar.

 

- Əgər vəziyyətin düzələcəyinə inansaydız, xaricə getməzdiz?

- Buna inanmırdım. Ailəliklə bu idman növü ilə məşğuluq. Həyat yoldaşım da məşqçidir. O biznesmen olsaydı, məni maliyyələşdirərdi. Açığını deyim, Azərbaycan variantı çoxdan vardı. Həmçinin, Slovakiya və Rusiyadan təkliflər almışdım. Belə variantları həmişə arxa plana keçirirdim. Ukraynanı sevirəm, lakin indiki vəziyyət nəyisə dəyişməyə vadar etdi. Rio-de-Janeyroda medal qazanmaq istəyirəm və bunu Azərbaycan millisinin heyətində etməyi planlaşdırıram. Düzdür, bu komandaya keçidim hələ baş tutmayıb. Bunun noyabrda gerçəkləşəcəyini düşünürəm. Həmin vaxt beynəlxalq federasiya qərar verməlidir. Hazırda isə rəsmən işsizəm. Bu da o deməkdir ki, Ukraynadakı karyeram başa çatıb.

 

- Azərbaycan millisinə keçidinin alınmaması mümkündürmü?

- Bu haqda düşünmək istəmirəm. Amma hər şey mümkündür. Əgər Azərbaycan yığmasına keçidim alınmasa, idmançı karyeramı başa vuracam. Hazırda Ukraynada məşqlərimi davam etdirirəm. Sonadək ümid edirdim ki, burada hər şey düzələcək. Bütün borcların qaytarılacağını gözləyirdim. Amma...

 

- Bu məsələdən Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın xəbəri varmı?

- Bubkanın problemdən xəbəri var. Çünki onunla söhbət etmişik. Amma mənə elə gəlir ki, o məsələnin təfərrüatına qədər bilmir. Bəlkə də buna görə problemin həlli üçün cəhd etmədi. Vəziyyət elədi ki, bəzi idmançılar yarışlara öz hesabına gedir. Bu da faktiki olaraq borcdur. Federasiyanın həmin borcu qaytaracağı vaxt isə bilinmir. Bu növə ciddi maraq olmadığından sponsor tapmaq da çətindir.

 

- Azərbaycan variantı necə yarandı?

- İlk belə söhbət Pekin Olimpiadasından sonra olmuşdu. Lakin rəsmi təklif bundan 4 il sonra gəldi. Bunu da yalnız indi qəbul etdim. Rusiyadan da təklif vardı. Amma son hadisələri nəzərə alıb, vətənpərvər kimi bu keçid barədə heç düşünmədim. Azərbaycan keçməyə, daha bir Olimpiya medalını orada qazanmağa qərar verdim. Mənim artıq 4 belə mükafatım var. Hər biri də böyük əziyyətlə qazanılıb. Mən Ukrayna millisində tarix yazmışam. Beşinci Olimpiadamdan da medal qazansam, çox yaxşı olardı. Bu baş versə, daha bir tarix yazacam. Lakin bu, Ukrayna üçün deyil, özüm üçün olacaq.

 

- Azərbaycanla Ukraynadakı şəraiti nə ilə fərqləndirərdiz?

- Ən əsası stabillik var. Toplanış, qidalanma, səfərlər, geyim, bir sözlə, hər şey qaydasındadır. Bunların heç biri hazırda Ukraynada yoxdur, borc hesabına hazırlaşırdıq. Azərbaycanda mənə sakit şəraitdə Rio-de-Janeyro-2016-ya hazırlaşmaq şəraiti yaradılacaq.

0