Ruslan Zubkov: “Dnepr”in rəqibi olan “Qarabağ” pul və oyun baxımından güclüdür - MÜSAHİBƏ
16.09.2014 - 17:02
Ruslan Zubkov: “Dnepr”in rəqibi olan “Qarabağ” pul və oyun baxımından güclüdür - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın ukraynalı mərkəz müdafiəçisi Ruslan Zubkov ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, AZAL və “Turan”ın sabiq futbolçusu burda olduğu 3 illik karyerasından danışıb.

 

- Ruslan, ötən tur komandanız Bakı “İnter”i ilə qarşılaşdı. Liderə məğlub olmamaq şanslarınız vardı?

- Təbii ki, müntəzəm olaraq medallar uğrunda mübarizə aparan çempionatın liderlərindən birinə qarşı oynamağımıza baxmayaraq, məğlub olmamaq üçün şanslarımız vardı. Biz rəqibimizin həm güclü, həm də zəif tərəflərini bilirdik. İkinci hissənin əvvəlində biz erkən top buraxdıq və hesabı bərabərləşdirməyə çalışdıq. Ancaq bizdə bu alınmırdı, çünki rəqib çox adamla müdafiə olunur və əks-hücumlarda oynamağa başlamışdı. Biz ikinci qolu buraxdıqdan sonra isə sındıq. Demək olar ki, bu uduzmağımızda həlledici amil oldu.

 

- Rəqib qapısına qol vurmaq sizə necə müyəssər oldu?

- 80-ci dəqiqədə biz rəqib qapısına 25 metrdən cərimə zərbəsi vurmaq hüququ qazandıq. Mən isə zərbəni vurmağı öz üzərimə götürdüm. Göründüyü ki, hədər getmədi (gülür). Sona 10 dəqiqə qalmış hesab 1:2 oldu. Bu qolla komandanı ürəkləndirməyə çalışdım. Çünki yenilgidən qaçmaq üçün vaxtımız vardı. Təəssüf ki, bir neçə dəqiqədən sonra biz “İnter”in daha bir hücumundan sonra qol buraxdıq. Yekunda matç 1:3 hesabı ilə başa çatdı.

 

- Komandanız yüksək liqada yenidir. Ötən mövsüm I dəstədə necə oynamağınızdan danışın.

- “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında debütant olmasına baxmayaraq, mən futbolçularımızı “yenilər” adlandırmazdım. Komandamızda yüksək liqanı tanıyan futbolçular toplaşıb. Buna qədər onların hamısı yüksək divizionda oynayıb. I dəstədə oyunumuz necə alınırdı? Qısaca deyim: I dəstədə mümkün qədər tez qalib olub güclü rəqiblərlə yaxşı futbol oynamağı istəyirdik...

 

- Qızıl medalınızı almısınız? Bu sizin şəxsi koleksiyanızda birincidir?

- Medalı artıq Ukraynaya aparmışam. Amma o, karyeramda ilk qızıl medal deyil. Ölkə xaricində çıxış etməzdən əvvəl “Titan” (Armyansk) komandası ilə II dəstədə Ukrayna çempionu olmuşam.

 

- “Araz-Naxçıvan” rəhbərliyinin komanda üçün planları necədir?

- Klub rəhbərliyi istəyir ki, komanda yüksək liqada qalsın. Cari mövsüm bu bizim əsas məqsədimizdir. Hazırda komandamız 5 turdan topladığı cəmi 3 xalla IX yerdə gedir. Əlbəttə ki, acınacaqlı şəkildə xallar itirdik. Ancaq xatırlatmaq olar ki, evdə Azərbaycan futbolunun tarixi qrandı olan “Neftçi”ni 3:0 hesabı ilə məğlub etmişik.

 

- Komandanız hansı regionda qurulub? Sənaye, turizm baxımından orda maraqlı nə var?

- Bazamız Azərbaycanın Naxçıvan Muxtar Respublikasındadır. Bu ərazi bir neçə ölkələrlə - İran, Türkiyə, Ermənistanla sərhəddir. Region yerləşməsinə görə, sözün həqiqi mənasında maraqlıdır. Buranın özünüz koloriti var.

 

- İnfrastrukturda vəziyyət nə yerdədir?

- İnanıram ki, “Araz-Naxçıvan”ın infrastrukturu tezliklə daha yaxşı olacaq. Klubumuz 20 illik fasilədən sonra yenidən yaradılıb. Çox şey sıfırdan qurulub...

 

- Azərbaycan çempionatının nəyi maraqlıdır?

- Burdakı çempionat cəmi 10 komandanın 4 dövrə oynamasına görə maraqlıdır. Təcrübəyə əsasən hər oyun burda son matç kimi başa düşülür.

 

- Yəqin ki, burda səfərlər Ukrayndakı kimi uzun deyil?

- Bəli, ümumilikdə səfərlər Bakıya və Bakıdan olur. Avtobusla səfərə gedirik. Yol komandanın məskunlaşdığı şəhərə bir neçə saat vaxtımızı alır.

 

- Azərbaycan çempionatının matçlarından videonu izləyəndə görürəm ki, oyunların çoxu süni qazonda oynanılır...

- Burda meydançaların çoxu həqiqətən də sünidir. Çünki iqlim təbii qazon saxlamağa imkan vermir.

 

- Siz artıq 3 ildir ki, bu ölkədəsiniz. Bu çempionatda necə çıxış etdiyinizi xatırlayın.

- Bəli, artıq 3 ildir ki, Azərbaycandayam. Məni Ukraynanın I dəstəsində “Odessa”da oynadığım zaman bir il boyunca yerli menecerlər izləmişdilər. Burda ilk komandam AZAL oldu. Sonra yarım illiyə “Turan” komandasına icarəyə getdim. Sözün həqiqi mənasında özümü orda yerli çempionatda göstərdim və buna görə də indi “Araz-Naxçıvan”dayam.

 

- Azərbaycan futbolunun xüsusi üslubu nədir? Burdakı futbolu “tipik cənub” – texnikalı, az güc futboluna üstünlük verən kimi adlandırmaq olar?

- Deyə bilərəm ki, Azərbaycan futbolu bu gün texniki cəhətdən sürətli futbola üstünlük verir. Verdiyiniz sualda qeyd etdiyiniz kimi, burda həqiqətən də güc futbolunu sevmirlər. Halbuki, son vaxtlar bu baxımdan bütün komandalar çox artırıb.

 

- Azərbaycan çempionatında Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Syomin işləyib. Niyə ona “Qəbələ” ilə uğur qazanmaq müyəssər olmadı? Yerli mətbuatda rusiyalı mütəxəssisin işi və kollektivi haqqında qərəzli məqalələr yazıldı...

- Düzünü desəm, heç Syomində çempion olmaq üçün nəyin çatmadığını bilmirəm. Əminəm ki, o mümkün olan hər şeyi etdi. Məqalələrə gəlincə, burda milçəkdən fil düzəltməyi sevirlər. Ola bilsin ki, kiminsə onun necə işləməsi xoşuna gəlməsin. Hamı üçün yaxşı olmaq mümkün deyil. Bu, həyatın bir anıdır. Yeganə bir şey deyə bilərəm ki, “Qəbələ” çempionatda ən güclü komandalardan biri idi.

 

- Düzdür ki, Azərbaycan çempionatında son illər investisiyaların sayı çoxalıb? “Dinamo-2”də baxışda olmuş azərbaycanlı oyunçunun biri (Cavid İmamverdiyevi nəzərdə tutur – red.) deyirdi ki, yerli futbolun nəhəng klublarında maaşlar bizim Premyer Liqamızdakından çox da az deyil...

- Bəli, bu, düzdür. Yerli böyük klublar puluna görə bizim komandalardan geri qalmır. Ancaq Azərbaycan çempionatından göründüyü kimi, bir pul hər şeyi həll etmir. Birinci olmaq üçün oynamaq da lazımdır. Bu gün əminliklə deyə bilərəm ki, “Dnepr”in rəqibi olan “Qarabağ” komandası pul və eləcə də oyun baxımından güclüdür.

 

- Bu çempionatda ən çox hardan legionerlər var? Ukraynalılar burda çox deyil. Niyə?

- Mənə legionerlərdən hansının çox olduğunu demək birmənalı şəkildə çətindir. Gürcüstan, Serbiya və Xorvatiyadan çox oyunçu burda çıxış edir. Ukraynalılara gəlincə, niyə bizimkilərin burda az olduğunu demək çətindir. Yəqin ki, bu hər bir məşqçinin baxışından asılıdır. Bəli, deyərdim ki, ukraynalılar arasında çoxları bura oynamağa gəlmək istəmir. Hansı səbəblərdən bilmirəm...

 

- Komandanızda yerliniz Krutskeviç də oynayır. Niyə məhz onunla daha çox dostluq edirsiniz?

- Bəli, siz səhv etmirsiniz. Biz Aleksandrla dostuq. Burda Azərbaycan vətəndaşlığını qəbul etmiş Ukraynadan dostlarım var. Bunlar Zakarpatyedən Andrey Popoviç, Nikolayevdən Aleksandr Çertoqanov və Odessadan Vova Levindir. Hamımız dostuq və ünsiyyətdə oluruq. Ancaq siz düz bilirsiniz ki, mən və Saşa Kruts dostuq. Təbii ki, nəinki yerlilərimiz arasında, eləcə də komandamızın digər futbolçuları arasında hansı millətdən asılı olmayaq, fərq yoxdur. Mənim üçün əsas insanın ruhən mənə yaxın olmasıdır.

 

- Azərbaycanda hansı mövqedə oynayırsınız?

- Burda çox mövqedə oynamışam. Əsasən mərkəz müdafiəçisi kimi çıxış etmişəm. Ancaq bir dəfə kubok matçında qeyri-adi təcrübəm də olub. Onda qapıda durmuşdum.

 

- Hansı səbəbə görə?

- Bu, “Turan”da oynadığım vaxt olmuşdu. “Xəzər Lənkəran”la kubok matçının 90+1-ci dəqiqəsində qapıçımız qovulduqdan sonra penalti təyin olundu və mən qapıda dayandım. Həmin vaxt biz minimal hesabla qalib gəlirdik. Ancaq mən 11 metrlik zərbəni qapımdan buraxdım, oyun isə ekstra-tayma getdi. 2 əlavə olunmuş vaxtda qapılara qol vurulmadı. Hər şey penaltilərə qaldı. Baxmayaraq ki, yekunda uduzduq, özüm üçün yeni mövqe seçdim...

 

- Yerli futbolda yeni nəyi anladın ki, ölkəmizdə bu yoxdur?

- Hər şeydən əvvəl legioner olmağın nə olduğunu başa düşdüm. Bununla da burda keçirdiyim illərdə qazandığım əvəzolunmaz təcrübə və əminlik özümə gəldi.

0