Bakı “İnter”inin sabiq futbolçusu Andrey Şevçenko ilə eyni komandada
17.09.2014 - 08:50
Bakı “İnter”inin sabiq futbolçusu Andrey Şevçenko ilə eyni komandada

Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviçin xatirəsinə həsr olunan yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, belaruslunun məşhurlaşdığı Kiyev “Dinamo”su bu yaxınlarda dünyasını dəyişən iki məşhur simasını xatirəsini yad etməyə qərar verib.

 

Sentyabrın 28-də Kiyevdəki Valeri Lobanovski adına “Dinamo” stadionunda Andrey Bal və Belkeviçin xatirəsinə həsr olunan matç keçiriləcək. Bu qarşılaşmada fərqli nəsilləri təmsil edən iki futbolçunun sabiq komanda yoldaşları üz-üzə gələcək.

 

Balın komandasında ötən əsrin 80-ci, Belkeviçin komandasında isə 90-cı illərində “Dinamo”da məşhurlaşanlar yer alacaq. Görüşdə Azərbaycan futboluna tanış simalar da çıxış edəcək. “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko və qısa müddət komandanın qapıçısı olan Mixail Mixaylov nisbətən yaşlıların yığmasında yer alacaq. Bu komandada İqor Belanov, Aleksey Mixayliçenko, Oleq Salenko kimi simalar da yer alacaq.

 

Andrey Şevçenko və Segey Rebrovun yer aldığı Belkeviçin komandasında isə Bakı “İnter”inin şərəfini qorumuş Sergey Konovalov da oynayacaq.

 

 

0