“Simurq”un qapıçısı: Biz evimizə haram pul aparmırıq
17.09.2014 - 12:18
“Simurq”un qapıçısı: Biz evimizə haram pul aparmırıq

“Bu mövsüm bizim daha güclü komandamız var Hamımız inanırıq ki, çempionatın sonunda nəticəmiz də yaxşı olacaq”. Apasport.az xəbər verir ki, bu sözləri “Simurq” klubunun qapıçısı Amil Ağacanov klubun rəsmi saytına deyib.

 

Topaz Premyer Liqasının son 2 turunda məğlubiyyətlə üzləşən Zaqatala klubunun üzvü çempionatın maraqlı keçdiyini bildirib: “Mövsümün sonunda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacağıq. Arxada qalan dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdur. Komanda futbolu oynayırıq. Hər kəs öz işini bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik. Ümumən baxdıqda çempionatda zəif rəqib yoxdur. Əgər əvvəl deyirdilər ki, “Araz Naxçıvan”, “Sumqayıt” bu mövsüm autsayderlər olacaq. Ancaq bu gün baxdığımızda, “Sumqayıt” turnir cədvəlinin lideridir. “Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdür, “Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qatışdığından bütün güclərini çempionata verə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb öz oyunumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq”.

 

31 yaşlı çərçivə qoruyucusu Premyer Liqanın VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç haqqında da danışıb: “Bütün rəqiblərimizə eyni səviyyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. “Qarabağ”la səfər oyununa yalnız qələbə üçün çıxacağıq. Komandada hər kəs bunu yaxşı bilir və bir neçə gündə də yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacağıq”.

 

Ağacanov sonda çempionatın son iki turundakı məğlubiyyətlərdən sonra azarkeşlərin onları qınamasında münasibət bildirib: “Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. “Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zamanda istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçuda insandır. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirməsin”. 

 

0